![]()
Bu gün səfirliyimiz adından bu tədbirdə iştirak etdim. Əziz Səncərin 80 illik yubileyidir. Ona uzun ömür, möhkəm cansağlığı və firavan həyat arzulayıram.
Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir AMEA-da Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş tədbir çərçivəsində Subyekt.az AZƏRTAC-a istinadən müsahibəsində deyib. O bildirib ki, Əziz Səncər təkcə Türkiyənin və ya Azərbaycanın deyil, bütün Türk dünyasının qürur mənbəyi, ortaq dəyəridir.
“Əziz Səncərin çalışma əzmini, uğur hekayəsini, Savurdan Stokholma qədər uzanan möhtəşəm elmi yolunu gələcək nəsillərə çatdırmaq üçün böyük səylər göstərməliyik. Gənclərə “Əziz Səncər kimi olun” demək kifayət deyil. Onlara imkanlar da yaratmaq lazımdır”, – deyə səfirliyin mətbuat müşaviri vurğulayıb.
Müsahibimiz qeyd edib ki, Türk dünyasının istedadlı gənclər potensialı var: “Çox istedadlı, bacarıqlı gənclərimiz var. Yetər ki, biz onların qarşısında qapılar açaq, onlara imkan və şərait yaradaq. “TEKNOFEST” çərçivəsində həyata keçirilən işlər bunun nümunələrindən biridir”.
C.İşbilir Əziz Səncərin elmi fəaliyyətinin Türk dünyası üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Əziz Səncər təkcə böyük alim deyil. Onu fərqləndirən əsas xüsusiyyətlərdən biri vətəninə, torpağına, köklərinə, milli və mənəvi dəyərlərinə bağlılığıdır. Məhz bu xüsusiyyət onu digər alimlərdən fərqləndirir. Buna görə də bugünkü tədbir çox böyük məna daşıyır”.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri tədbirin əhəmiyyətini artıran mühüm məqamlardan birinin də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif etməsi olduğunu bildirib.
“Bu orden Azərbaycan-Türkiyə qardaşlığına vurulmuş növbəti möhür, bu qardaşlığın daha bir təsdiqidir. Buna görə də tədbiri təşkil edən AMEA rəhbərliyinə və onun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”, – deyə C.İşbilir əlavə edib.
Subyekt.az