![]()
Dünyaşöhrətli aktyor Ceki Çan beynəlxalq macəra janrlı “Tanrının Zirehi 4: Ultimatum” filminin ayrı-ayrı səhnələrinin çəkilişlərində iştirak etmək məqsədilə Bakıya gəlib. Məşhur aktyorun Azərbaycanın paytaxtında təxminən on gün qalacağı bildirilir.
Filmin əsas çəkiliş məkanı Qazaxıstan olsa da, layihənin bir sıra epizodlarının Azərbaycanda lentə alınmasına qərar verilib. Çəkilişlər artıq Qazaxıstanın Manqistau və Almatı vilayətlərində, eləcə də Almatı şəhərində başa çatdırılıb. Azərbaycanın ikinci çəkiliş məkanı kimi seçilməsi Qazaxıstan tərəfinin təşəbbüsü ilə həyata keçirilib.
Filmin istehsalçısı Qazaxıstanın Salem Entertainment kinostudiyasıdır. Layihənin prodüseri şirkətin təsisçisi Rüstəm Ömərov, rejissoru isə Ceki Çanın şəxsən təsdiqlədiyi qazaxıstanlı rejissor və peşəkar kaskadyor Robert Kundur. Bakıda keçirilən çəkilişlərin təşkilinə Qazaxıstanın Azərbaycandakı Səfirliyi dəstək göstərir.
Çəkilişlər üçün Bakının tarixi və turizm baxımından ən tanınmış məkanları seçilib. Filmdə İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanı kimi görməli yerlər ekran əsərində yer alacaq.
Qazaxıstan və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən layihə son illərdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda reallaşdırılan ən irimiqyaslı beynəlxalq kino layihələrindən biri hesab olunur. Ekspertlərin fikrincə, bu əməkdaşlıq regional kino sənayesinin inkişafına, eləcə də hər iki ölkənin mədəni və turizm potensialının beynəlxalq miqyasda daha geniş tanıdılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, “Tanrının Zirehi 4: Ultimatum” filmi məşhur “Tanrının Zirehi” silsiləsinin davamıdır. Ceki Çan 13 ildən sonra yenidən əfsanəvi macəraçı “Asiya Qırğısı” (Asian Hawk) obrazını canlandıracaq. Filmin dünya premyerasının 2027-ci ildə keçirilməsi planlaşdırılır.



Subyekt.az