![]()
Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik anlayışı yalnız fiziki təhlükəsizlik və dövlət sərhədlərinin qorunması ilə məhdudlaşmır. Bu kontekstdə ideoloji təhlükəsizlik də dövlətlərin milli maraqlarının, suverenliyinin və cəmiyyət üçün dəyərli olan ideoloji prinsiplərin qorunmasında mühüm yer tutur.
Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışında toxunulan məsələlər beynəlxalq münasibətlər nəzəriyyəsində də geniş müzakirə olunan mövzulardandır: “İdeoloji təhlükəsizlik yalnız Azərbaycanın daxili siyasəti ilə bağlı məsələ deyil, hazırda beynəlxalq münasibətlər sahəsində tədqiqat aparan alimlərin və mütəxəssislərin diqqət mərkəzində olan əsas istiqamətlərdən biridir”.
C.Vəliyevin sözlərinə görə, təhlükəsizlik dedikdə yalnız fiziki təhlükəsizlik və ya dövlət sərhədlərinə yönələn təhdidlər nəzərdə tutulmamalıdır. Burada əsas məqamlardan biri də ideoloji təhlükəsizliyin təmin edilməsidir.
“Beynəlxalq münasibətlər baxımından təhlükəsizliyin nəzəri izahı ondan ibarətdir ki, təhlükəsizlik sənin üçün dəyərli olanın qorunmasıdır. Bu baxımdan, dövlət üçün dəyərli olan suverenlik, ərazi bütövlüyü, neft-qaz xətləri və ya milli ideologiya ola bilər. Deməli, təhlükəsizlik anlayışı hər bir dövlətin qorumağa çalışdığı milli dəyərləri və maraqları da əhatə edir”, – deyə o qeyd edib.
Mərkəzin İdarə Heyətinin üzvü diqqətə çatdırıb ki, beynəlxalq münasibətlər nəzəriyyəsində bu məsələnin izahında konstruktivizm yanaşması xüsusi yer tutur. Konstruktivizm beynəlxalq münasibətlər nəzəriyyəsinin nisbətən yeni istiqamətlərindən biri hesab olunur.
Onun sözlərinə görə, beynəlxalq münasibətlərin dövlətlər arasında güc mübarizəsi olması fikrini heç bir nəzəriyyə inkar etmir. Lakin gücün mənbələrinin nədən ibarət olması ilə bağlı nəzəriyyələr arasında fərqli yanaşmalar mövcuddur.
C.Vəliyev bildirib ki, realizmə görə, gücün mənbələri hərbi, demokratik və iqtisadi güclə əlaqələndirilir. Liberalizm yanaşmasında isə gücün əsas mənbələrindən biri qarşılıqlı asılılıqdır. Bu fərqli nəzəri yanaşmalar beynəlxalq münasibətlərdə gücün və təhlükəsizliyin müxtəlif aspektlərini izah edir.
Subyekt.az