Nəsimi yaradıcılığında “Cami-cəm” ifadəsinin mahiyyəti və təhlili
Şərq ədəbiyyatında sıxca adı keçən, təsəvvüf mətnlərində “ bütün pisliklərdən arınmış , tərtəmiz ruh “ mənasında işlənən “”cami- cəm “ ifadəsi özünü şerlərində islam dini ehkamlarını hürufilik nöqteyi nəzərindən izah edən Nəsimi yaradıcılığında da göstərmişdir . Bu zaman “ fəlsəfi əsasında panteizmin dayandığı hürufiliklə rəvayət əsaslanan “ Cami-cəm “ ifadəsinin nə kimi bir əlaqəsi var? “ deyə bir sual ortaya çıxır. Bunu bilmək üçün ilk öncə “ Cami-cəm “ tezisinin mahiyyətinə varmaq lazımdır. “ Cəmşidin camı “ mənasını ifadə edən “ Cami-cəm “ təsəvvüf kontekstində varlığın əksi, mütləqin dərki baxımından hürufilikdə “ insan kainatın ən dəyərli varlığıdır “ ideyası bir-birinə uyğun gəlir. Bu ideyalar Şərq fəlsəfəsində mərkəz mövqe tutan sofizmin əsas prinsipi olan “ insan hər şeyin : mövcud olan və olmayan bütün şeylərin ölçüsüdür “ fikri ilə də eyniyyət təşkil edir . Kreasionizm dini-metafizik konsepsiyasının ideyaları ilə uyğunlaşan hürufizm düşüncələri də insan ekstaz və ya vəcd yolu ilə onu yaradan fövqəlbəşər qüvvəyə – transendent mövqe tutan Allaha qovuşmaq üçün öz varlığını dərk etməli , özündə monizm nöqteyi nəzərdən Allahı görməlidir. Qədim yunan alimi Sokratın da ən sevdiyi zərbi – məsəl də insanın özünü dərki ilə bağlı olması onun fəlsəfi fəaliyyətinin insan və onun şüuru haqqında məsələlər üzərində cəmləşdiyini göstərir .
“Cami-cəm “ tezisi Nəsimi yaradıcılığında bir neçə mövqedə işlənərək şairin panteist- hürufi ideyalarını əks etdirmişdir:
Çün ləbin cami-cəm oldu nəfxeyi Ruhülqüdus,
Ey cəmilim, ey camalım bəhrü kanım, mərhaba. ( 3.13)
Nəsiminin ərəb və fars dillərini, həmçinin “Quran “ ı yaxşı bildiyini nəzərə alaraq ilk misrada öz əksini tapan “ nəfxə “ (nəfəs) , “ruh” ( ruh ) , “ qüdus “ ( müqəddəs ) sözləri ilə “cami-cəm “ ifadəsini əlaqələndirmək olur. “Sənin dodaqların cami-cəm oldu, çünki müqəddəs ruh tərəfindən üfürülüb “ . “Hər insanın bütün üz cizgilərində allahdan bir zərrə var “ ideyası elə bu beytin əsasını təşkil edir. Şair yaradıcılığında hürufizmin fəlsəfi əsaslarına görə maddi aləmin ən uca varlığı adlandırdığı insanı – “mən” i daha geniş anlayış olan “ haqq “ ilə eyniləşdirir. Akademik Həmid Araslı “ Imadəddin Nəsimi “ adlı monoqrafiyasında allah-insan eyniləşdirməsilə bağlı fikirlərini bir neçə aspektdə bildirmişdir : “ Hürufizm görə, dünya ilidir: 1. Gördüyümüz kainat , 2. İnsan . Birinci dünyada günəş , ay , ulduzlar , bürclər , bütün səma aləmi , yer üzü və s. yerləşir. İkinci dünyada , yəni insanda bütün bu obyektiv varlıq öz əksini tapır. “ ( 1. 46.)
Deməli, insan özü “ Cəmşidin camı “ dır , yəni “cami-cəm “ dir. Necə ki, Cəmşidin camına baxaraq dörd bir yanın sirlərindən agah olurdu, şair də sevgilisinin dodaqlarında, camalında dünyanın əksini görür . Buradan belə bir qənaətə gəlmək olar ki, kainatın bütün sirlərini insanı öyrənməklə izah etmək olar.
Nəsiminin insan haqqında kredosu olan panteist – hürufi ideyalarını əks etdirən digər bir qəzəlində öz varlığını, “mən” ını dərk etməyən insanları qəflət yuxusunda təsvir edir :
İtirdin Cami-Cəmşidi , oyan uyxudan , ey qafil,
Nə buldun uyxudan göstər, nə qıldın uyxudan hasil ? ( 8. 106 )
Nəsimi ilk misrada “ Cami-cəm “ tezisini mənəvi aləmlə əlaqələndirməklə yanaşı, Cəmşidin adını da çəkmişdir. Nəsimi insanı qafil və kamil olmaqla iki qrupa ayırır . Onun fikrincə, “cami-cəm “ indən , yəni öz tərkibdən, mənəvi aləmindən uzaq insan qəflət yuxusundadır. Şair “itirdin cami – Cəmşidi “ deyərkən mənəviyyatını itirmiş insanı nəzərdə tutur, çünki camın bir növ, insan qəlbinin aynası olmasını nazərə alsaq, camın gördüyü aləmin də insanın mənəvi aləmi ilə eyni olduğunu görə bilərik. Nəsimi asketizm prinsipləri ilə davranan , özünü və dünya fikirlərini dərk edən insanları kamil adlandırırdı . Mənası “ fikri gəzişərək ifadə etmək olan , hürufiliyin də mənbə kimi istinad etdiyi Şərq peripatetizmində də fəlsəfənin əsas vəzifəsi həqiqəti əldə etmək, onu dərk etməkdən ibarətdir. Fikrimizcə, “gözlər qəlbin aynasıdır “ və yaxud “ gözlərdə ( simada ) dünyanı görmək “ ifadələri məhz elə “cami-cəm “ tezisi ilə bağlıdır . Qəlb təsəvvüfdə batini idrak mərkəzi , allahın camalını təzahür etdiyi əsas nöqtədir. Belə düşünmək olar ki, ilk nümunədəki ayna da Cəmşidin camı ilə eyni mahiyyəti kəsb edir. Nəsiminin insanı “kiçik aləm “ adlandırması da təsadüfi olmamışdır. Şair insanı baxıldığı zaman “ hər cizgisində mənəvi aləminin əksini tərənnüm edən ali varlıq “ kimi təsvir edir.
Cəmşidi-aləm oldur mə’nidə, еy qəmər kim,
Fərхəndə surətindir cami-cahannüması. ( 3. 83 )
Piyalə , qədəh, ayaq və s. kimi sözlərlə eyni mənanı əks etdirən “Cami-cəm “ in bir digər adı “ Cami-cahannuma “ dır. Beytdən göründüyü kimi, şair Cəmşidin baxdığı aləmi sevgilisinin surətində görür və deyir : “ Ey qəmər, Cəmşidi – aləm , camın əksinin sənin üzündəki təcəssümüdür “ Bu ifadə ilə Nəsimi insan surətini aləmə açılan qapı ilə eyniləşdirirlər.
Cami-cahannüma dеdilər üzünə, vəli
Həqdən mən anı ayinеyi-həqnüma dеrəm. ( 3. 141, )
Bu misralar da yuxarıda qeyd etdiyimiz fikirləri bir daha təsdiqləyir və hürufilikdə “ Allahın gözəl insan surətində təcəssümü etməsi “ ( 1. 46. ) ideyasını da bizə xatırladır.
Rəvayətlərdə yeddi maddədən hazırlandığı söylənilən Cəmşidin camı , həmçinin, yeddi fələyin sirrini açmağa nail olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, camın üzərində yeddi qitənin təsviri verilmişdir . Hürufizmin də rəqəmlərlə sıx əlaqəsini nəzərə alsaq, bu aspektdə yeddi rəqəminin sakrallığını göz önünə gətirərək “cami-cəm “ ifadəsinin Nəsimi yaradıcılığında təsadüfən işlənmədiyini də bildirmək olar. Hürufizmə görə , insanın üzündə “ xətti- ümmiyə “ adlanan yeddi anadangəlmə xətt vardır ki, bu xətlər “Quran” ın ilk surəsi olan “Həmd “ in yeddi ayəsi ilə də səsləndirilir :
Yedi ayətlə yeddi xətt tamam
Yedi ə’za ki, yeddi ümmətdir. ( 8. 27 )
Bundan başqa, Nəsimi şerlərində yer, göy, dərya və s . bəşəri gözəlliklərin sayının yeddi olması “cam” ın üzərindəki yeddi qitəyə bir növ işarədir :
Yeddi yerdir, yeddi gögdür, yeddi dərya, yeddi xət,
Yeddi müshəf, yeddi ayət, yədi-beyzası nədir? ( 8. 151 )
Bəs nə üçün məhz yeddi rəqəmi? Bildiyimiz kimi, qədim türk mifoloji düşüncəsində yeddi rəqəminin xüsusi sakrallığa malikdir. Bir sıra türk xalqlarının dünyagörüşündə yeddi rəqəmi xoşbəxtlik uğur rəmzidir, belə ki, mifoloji mətnlərdə dünyanın yeddi günə yaradılması haqqında məlumatlar vardır. Məhz elə bu səbəbdəndir ki, dünyada yarananlar da ( planet, iqlim, bürc və s.) yeddidir.
Olubdur yeddi iqlim, yeddi ə’za,
Könül təxti dəxidir eşqi-şanım. ( 8. 328 )
Məsəldə təb’imizdir yeddi qat yer,
Ağaclar tük olur, dağ üstüxanım. ( 8 . 327 )
Ümumiyyətlə, Nəsimi poeziyasına qədər “cami-cəm “ ifadəsini klassiklərimizin – Nizami , Füzuli və başqalarının yaradıcılığında görmək mümkündür, lakin bu tezisə vəhdəti-vücud fəlsəfəsi nöqteyi nəzərindən yanaşan , hətta eyniadlı əsəri belə olan Marağalı Əvhədinin adı xüsusi vurğulanmışdır. Nəsimi sənədlərindən fərqli olaraq bu konsepsiyaya panteist-hürufilik aspektdə yanaşmış, insanı özünün, haqqın dərkinə yönəltmişdir.
Ədəbiyyat
1. Araslı H. İmadəddin Nəsimi .Bakı:Azərbaycan dövlət nəşriyyatı,1972 ,73s.
2. İmadəddin Nəsimi-məqalələr məcmuəsi.Bakı:Elm ,1973,270s.
3. İmadəddin Nəsimi.Seçilmiş əsərləri.2 cilddə,I cild.Bakı:Lider Nəşriyyat,2004,334s.
4. Babayev Y.Azərbaycan ədəbiyyatı tarixi(XIII-XVIII əsrlər).Bakı:Elm və təhsil ,2014
5. Xavəri S.Milli mədəniyyət sistemində poetik təsəvvüf kodu. Bakı:Elm,2016,182s.
6. Quluzadə M. Böyük ideallar şairi.Bakı:Gənclik,1973,138s.
7. Hacıyev Z.Fəlsəfə.Bakı:Turan evi ,2012,486s.
8. Imadəddin Nəsimi. Seçilmiş əsərləri 2 cilddə, ll cild . Bakı:Lider Nəşriyyat, 2004, 334s .
Həşimova Zəhra
Azərbaycan Dillər Universitetinin magistrantı
Subyekt.az