![]()
Bu Gün Camal Əliyevin 100 İllik Yubileyidir
Bu gün ömrünü Azərbaycan təhsilinə və idmanına həsr etmiş dəyərli pedaqoq, nüfuzlu idman xadimi Camal Əliyevin anadan olmasının 100 ili tamam olur.
Camal Əliyev uzun illər Quba rayonunda müəllim kimi fəaliyyət göstərərək yüzlərlə şagirdin təlim-tərbiyəsində mühüm rol oynamış, savadlı və vətənpərvər gənclərin yetişməsinə böyük əmək sərf etmişdir. O, yalnız pedaqoji fəaliyyəti ilə deyil, həm də yüksək insanlığı, sadəliyi və zəhmətsevərliyi ilə onu tanıyan hər kəsin hörmətini qazanmışdır.
Camal Əliyev 1943-cü ildə Qusar rayonunda pedaqoji fəaliyyətə başlamış, 1947-ci ildən etibarən fəaliyyətini Quba rayonunda davam etdirmişdir. 1954-cü ildən Quba şəhər 4 nömrəli orta məktəbində (keçmiş 8 illik məktəb) bədən tərbiyəsi müəllimi kimi çalışmışdır. Daha sonra 1958–1962-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil alaraq dil və ədəbiyyat müəllimi ixtisasına yiyələnmiş və ömrünün sonunadək (50 il ) həmin məktəbdə pedaqoji fəaliyyət göstərmişdir.
Camal müəllim uzun illər məktəbin ictimai və idarəetmə fəaliyyətində də mühüm rol oynamışdır. O, 1977–1978-ci illərdə təşkilatçı müavin, 1979–1985-ci illərdə isə dərs hissə müdiri vəzifələrində çalışmışdır. 1984-cü ildə ona “Baş müəllim” adı verilmişdir. Təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilmiş, 1996-cı ildə 70 illik yubileyi Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunmuşdur.
07 iyul 1998-ci ildə 72 yaşında vəfat edən Camal Əliyev Quba şəhər qəbiristanlığında dəfn edilmişdir.
Futbol və İdman Sahəsində Xidmətləri
Camal Əliyev yalnız pedaqoq kimi deyil, həm də Azərbaycan futbolunun inkişafına töhfə vermiş idman xadimi kimi tanınmışdır. Yeniyetmə yaşlarından futbola maraq göstərən Camal müəllim 1943–1956-cı illərdə Qubanın əsas futbol komandasında çıxış etmişdir.
19 aprel 1954-cü ildə hakim və məşqçi kimi təsdiqlənmiş, 1957-ci ildə futbol hakimləri üçün təşkil olunmuş 60 saatlıq ixtisasartırma kursunu yüksək nəticələrlə başa vurmuşdur. Ona əfsanəvi hakim Tofiq Bəhramovun imzası ilə Respublika dərəcəli hakim vəsiqəsi təqdim edilmişdir.
1959-cu ildə rəhbərlik etdiyi komanda Azərbaycan kubokunun qalibi olmuş, 1961-ci ildə isə ilk dəfə paytaxt komandalarını geridə qoyaraq çempionluq qazanmışdır. Camal müəllim keçmiş SSRİ-nin “A” və “B” qrup komandalarının oyunlarını idarə etmiş peşəkar hakimlərdən biri olmuşdur.
1966-cı ildən aktiv idman fəaliyyətini dayandırsa da, futbol sahəsindən ayrılmamış, öz təcrübəsi və məsləhətləri ilə Quba futbolunun inkişafına dəstək vermişdir. Onun rəhbərliyi altında müxtəlif yaş qrupları üzrə komandalar respublika səviyyəli “Sevinc” kuboku yarışlarında dəfələrlə uğur qazanmışdır.
1970-ci ildə əmək fəaliyyətinə görə “Rəşadətli Əməyə” və “Uzunmüddətli Vicdanlı Əməyə Görə” medalları ilə təltif olunmuşdur. 1972-ci ildə ittifaq üzrə uşaq komandalarının yarışlarında II yer, 1979-cu ildə isə SSRİ çempionluğu əldə edilmişdir.
Ailə Həyatı
Camal Əliyev həyat yoldaşı Sənubər xanımla 50 il nümunəvi ailə həyatı yaşamış, 5 qız övladı böyüdərək onlara ali təhsil vermişdir. Bu gün onun geniş və ziyalı ailəsi 9 nəvə və 9 nəticə ilə davam edir.

Camal Əliyevin həyatı Azərbaycan təhsili, idmanı və ailə dəyərlərinə sədaqətin nümunəsi kimi yadda qalmışdır.
Firəngiz Sabirqızı
Subyekt.az