![]()
Cəlilabad rayonunun Alar kənd sakini, şəhid əmisi Araz Əhmədov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə Cəlilabad Rayon Diaqnostika Mərkəzində mövcud vəziyyətlə bağlı ciddi narahatlıq ifadə olunur. Şikayət müəllifi bildirir ki, tibb müəssisəsində idarəetmə prinsiplərinin lazımi səviyyədə təşkil olunmaması vətəndaş narazılığına səbəb olur.

Araz Əhmədovun sözlərinə görə, mərkəzin direktoru Oktay Əmənullayev tərəfindən idarəçilikdə ciddi nöqsanlara yol verildiyi iddia olunur. Müraciətdə qeyd edilir ki, bəzi hallarda vətəndaşlara qarşı qeyri-etik davranış nümayiş etdirilir, xəstələr və onların yaxınları təhqir və təzyiq halları ilə üzləşdiklərini bildirirlər.

Şikayət müəllifi həmçinin vurğulayır ki, mövcud vəziyyət tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərir və əhali arasında narazılığı artırır. Onun iddiasına əsasən, ayrı-ayrı hallarda xəstələrə və onların yaxınlarına qarşı kobud münasibət, eləcə də fiziki təzyiq göstərilməsi ilə bağlı şikayətlər mövcuddur.

Şəhid ailəsinin üzvü kimi müraciət edən Araz Əhmədov aidiyyəti dövlət qurumlarından məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını, xəstəxanadakı vəziyyətə hüquqi qiymət verilməsini və vətəndaş hüquqlarının qorunmasını xahiş edir.
Müraciətin sonunda vətəndaş dövlət başçısından Cəlilabad Rayon Diaqnostika Mərkəzində yaranmış problemlərin araşdırılması və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün köməklik göstərilməsini rica edib.

Araz Əhmədov
Cəlilabad rayonu, Alar kəndi
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Subyekt.az