![]()
Bu gün Beynəlxalq Muğam Mərkəzində millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hörmətli Fazil Mustafanın “Cəhalət gülləsi, aydınlıq çiləsi” kitabının təqdimat mərasimi keçirildi. Kitabın adı elə mükəmməl seçilib ki, onun mahiyyətini, ideya yükünü və müəllifin düşüncə istiqamətini bütövlükdə əks etdirir.
Bəzən bir tədbirdə iştirak təkcə mərasim deyil, həm də düşüncə və mənəviyyat dünyasında bir səyahətə çevrilir. Beynəlxalq Muğam Mərkəzində keçirilən bu möhtəşəm təqdimat da məhz belə bir ovqatla yadda qaldı. Ziyalıların, sənət adamlarının, millət vəkillərinin, ədəbiyyat və fikir sahəsinin nümayəndələrinin bir araya gəldiyi bu görüş həm mənəvi zənginlik, həm də aydın düşüncənin bayramı idi.
Tədbirin aparıcısı, tanınmış söz adamı Əkbər Qoşalı mərasimi açıq elan etdikdən sonra ilk olaraq tribunaya Fazil müəllimə orta məktəbdə dərs demiş müəllimi dəvət olundu. Bu, müəllim əməyinə verilən ən böyük qiymət idi. Axı, cəmiyyətin tərəqqisi və mənəvi dirçəlişi məhz müəllimlərin, ziyalıların çiynindədir.
Ardınca çıxış edən tanınmış ədiblər və fikir adamları – Sabir Rüstəmxanlı, Seyran Səxavət, Əziz Ələkbərli, Rəşad Məcid, Aqşin Yenisey və digərləri öz səmimi təbriklərini, dəyərli fikirlərini bölüşdülər. Onların çıxışlarında Fazil Mustafanın təkcə siyasətçi deyil, həm də dərin düşüncə sahibi, cəmiyyətin aydınlıq yolunu işıqlandıran ziyalı kimi obrazı canlandı.
Tədbir boyu zalda səmimiyyət, pozitiv enerji və mənəvi aydınlıq hökm sürürdü. Bəzən elə tədbirlər olur ki, insan vaxtın keçməsini səbirsizliklə gözləyir. Amma bu dəfə zaman sanki dayanmışdı. Hər çıxış, hər fikir düşüncəyə təkan verir, ruhu qidalandırırdı.
30 kitab müəllifi olmaq – sadəcə bir say deyil, bir ömürlük zəhmətin, düşüncənin və vicdanın göstəricisidir. Fazil Mustafa tədbirdə çıxışında vurğuladı:
“Bu illər ərzində mənim ən böyük mirasım kitabxanam olacaq.”
Onun şəxsi kitabxanasında 20 mindən çox kitabın olması, bir düşüncə adamı kimi daim öyrənməyə, araşdırmağa və dünyanı dərk etməyə olan sonsuz marağından xəbər verir.
Fazil Mustafa illərdir cəmiyyətin maariflənməsi, cəhalətdən azad olması uğrunda yorulmadan mübarizə aparır. Onun “aydınlıq çağırışı” bəzən sərt, bəzən kəskin olsa da, həmişə doğrudur. Bu yolda o, həyatını təhlükə altına qoymuş, terror aktına məruz qalmış, lakin yenə də susmamışdır. Aqşin Yenisey tədbirdə onun yaradıcılığına belə bir dəyərli fikir söylədi:
“Fazil bəy qələmlə yazmır, çəkiclə sındırır. O, bütləri – cəhalət və saxtalığı təbliğ edən bütləri – sındırır.”
Bu ifadə Fazil Mustafanın mənəvi portretini çox dəqiq əks etdirir. O, düşüncəsi, əməli və yazdıqları ilə insanları oyandıran, onları aydınlığa səsləyən bir ziyalıdır. Onun üçün “aydınlıq” sadəcə bir metafora deyil, həyat prinsipidir.
Bu tədbirdə mən bir daha Fazil Mustafanı yenidən kəşf etdim. Onun cəmiyyət üçün etdiklərinin miqyası, səmimiyyəti və intellektual dərinliyi insanı heyran qoyur. Belə ziyalıların varlığı hər bir xalq üçün əsl nemətdir.
Sonda bütün bu duyğularla dəyərli millət vəkilinə, böyük ziyalıya və fikir adamına ən səmimi arzularımı çatdırıram:
Dəyərli Fazil müəllim!
Aydınlıq yolunuzdan dönməməyinizi, yeni kitablar, yeni fikirlər və yeni düşüncə işıqları ilə cəmiyyətə xidmətinizi davam etdirməyinizi arzulayıram.

Aydınlığa çıxmaq diləyi ilə…
Rövşən Hüseynli
Subyekt.az