
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 8 Noyabr – Zəfər Günündə Bakı şəhərində Zəfər parkının açılışında çıxış edərək, qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik. 44 gün ərzində Azərbaycan Silahlı Qüvvələri ancaq və ancaq irəli gedirdi. Hər gün, hər saat irəli gedərək döyüş meydanında 300-dən çox şəhər və kəndimizi işğalçılardan azad etdik və düşməni kapitulyasiya aktının imzalanmasına məcbur etdik. 44 gün ərzində şəhərlərimizin, kəndlərimizin azad edilməsi Ordumuzun gücünü, hərbçilərimizin peşəkarlığını, fədakarlığını, xalqımızın əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Baxmayaraq ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Ermənistan-Azərbaycan münaqişəsini guya həll etməyə çalışan vasitəçilər dəfələrlə bəyan edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Onu demək istəyirdilər ki, biz bu işğalla barışaq. Onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi. 2003-cü ildə ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilərkən cənab İlham Əliyev bəyan etmişdi ki, nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayacaq və həyat bunu göstərdi.
Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik, çünki Ermənistandan fərqli olaraq heç bir kənar yerdən yardım almırdıq, ancaq öz gücümüzə güvənirdik. İqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, sözümüzü beynəlxalq tribunalarda qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər bizi Qələbəyə doğru aparırdı. Bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir. Cəmi 44 gün ərzində düşmənin 6-7 müdafiə xəttini öz sinəsini qabağa verərək, güllə altına qoyaraq yaran bizim qəhrəman övladlarımız, hərbçilərimiz bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu, gücünü, iradəsini bir daha göstərmişdir.
İndi Ermənistanın bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər. Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb. Məscidlərimizin, qəbirlərimizin dağıdılması, bütün Qarabağın, Şərqi Zəngəzurun viran edilməsi sanki olmayıb. Yəni, bunu dünya ictimaiyyətinə unutdurmaq istəyirlər. Amma biz heç vaxt bunu unutmayacağıq və Azərbaycan xalqı heç vaxt bunu unutmamalıdır, bizdən sonra gələn nəsillər bu tarixi bilməlidirlər və heç vaxt unutmamalıdırlar. Müharibə dövründə Ermənistan hərbi cinayətlər törətmişdir, dinc şəhərlərimizi bombalayırdı, “İsgəndər M”, “Toçka U”, “Elbrus” və digər dağıdıcı silahlarla hər gün şəhər və kəndlərimiz artilleriya atəşi altında idi. Amma bu, Azərbaycan xalqının iradəsinə bir zərrə təsir etmədi.
Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. 2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Bugünkü reallıq, bugünkü uğurlarımız onu göstərir ki, o, yeganə düzgün addım idi. Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik, vacib olan yüksəkliklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibəti bəlli idi – ya Azərbaycan qanunlarına tabe olacaqlar, ya təslim olacaqlar, ya da məhv olacaqlar. Yenə də hesab edirdilər ki, kimsə onlara kömək edəcək, kimsə Azərbaycanı öz haqq işindən çəkindirəcək. 2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti bir dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi. İndi Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb.
Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur.
Sonda dövlətimizin başçısı qeyd etmişdir ki, bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.
Quba Rayon İcra Hakimiyyəti
Subyekt.az