![]()
İndoneziyanın Sulavesi adasında 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
Subyekt.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, yeraltı təkanların episentri Mərkəzi Sulavesi əyalətinin paytaxtı olan Palu şəhərindən təxminən 43-46 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
ABŞ Geoloji Xidməti (USGS) və beynəlxalq seysmoloji mərkəzlərin məlumatına görə, güclü təkanlardan sonra bir neçə afterşok da baş verib. Ən güclü təkrar təkanın maqnitudası 5,2 olub.
İlkin məlumata əsasən, zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb. Bəzi binalarda xırda zədələr müşahidə olunub, bir sıra xəstəxanalarda isə ehtiyat tədbiri kimi xəstələr açıq ərazilərə təxliyə edilib.
Səlahiyyətli qurumlar sunami təhlükəsinin olmadığını açıqlayıblar.
Qeyd edək ki, İndoneziya Sakit okeanın “Odlu halqası” adlanan yüksək seysmik fəallıq zonasında yerləşdiyindən burada tez-tez güclü zəlzələlər baş verir. 2018-ci ildə Palu şəhəri yaxınlığında baş verən 7,5 bal gücündə zəlzələ və sunami nəticəsində 4 mindən çox insan həlak olmuşdu.
Subyekt.az