![]()
Filippinin cənubunda 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Subyekt.az “Yeni Sabah” -a istinadla xəbər verir ki, bu barədə Filippinin Dövlət Vulkanologiya və Seysmologiya İnstitutu (PHIVOLCS) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar iyunun 15-də Mindanao adası yaxınlığında, Governor Generoso bələdiyyəsindən 164 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 86 kilometr dərinlikdə yerləşib.
PHIVOLCS bildirib ki, zəlzələ bir sıra yaşayış məntəqələrində hiss olunsa da, ilkin qiymətləndirmələrə əsasən dağıntı və ya ciddi ziyanın baş verməsi gözlənilmir. Bununla yanaşı, afterşokların baş verə biləcəyi istisna edilmir.
Qurumun rəhbəri Teresito Bakolkol yerli mediaya açıqlamasında bildirib ki, bu zəlzələ iyunun 8-də Mindanaoda baş vermiş və onlarla insanın həyatına son qoyan 7,8 maqnitudalı güclü zəlzələ ilə əlaqəli deyil. Onun sözlərinə görə, yeni yeraltı təkan Filippin xəndəyi boyunca qeydə alınıb və fərqli geoloji prosesin nəticəsidir.
Qeyd edək ki, Filippin Sakit okeanın “Odlar halqası” adlanan yüksək seysmik fəallıq zonasında yerləşdiyindən ölkədə tez-tez zəlzələlər baş verir.
Subyekt.az