![]()
Barat Şəkinskaya hələ uşaq ikən Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib, müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb. Akademik Milli Dram Teatrında, Gəncə Teatrında, “Azərbaycanfilm” kinostudiyasında, filarmoniyada, televiziyada çalışıb. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti – oğlan rolları oynayan aktrisası olub. Aktrisa Moris Meterlinqin “Göy quş” (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo və Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola), Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Onun iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. O, həmçinin “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” filmlərində çəkilib.
Xalq artisti Barat Şəkinskaya 1999-cu ildə vəfat edib.
Subyekt.az