![]()
Səid Rüstəmov musiqi məktəbləri üçün “Not savadı” dərsliyinin əsas tərtibçilərindən biri, ilk “Tar məktəbi” dərs vəsaitinin müəllifidir. 1931-ci ildə dahi Üzeyir bəyin təşkil etdiyi ilk notlu Xalq çalğı alətləri orkestrində həm tarzən, həm də konsertmeyster kimi fəaliyyət göstərib.
O, 1935-ci ildən ömrünün sonuna qədər orkestrin bədii rəhbəri və baş dirijoru olub. 1938-ci ildə S.Rüstəmov Moskvada keçirilən ilk incəsənət dekadasına həmin orkestrlə gedib. Dekadaya “Arşın mal alan” musiqili komediyasını orkestr üçün köçürən S.Rüstəmov Moskvadan qayıtdıqdan sonra “Əməkdar incəsənət xadimi” fəxri adına və ilk dəfə “Şərəf nişanı” ordeninə layiq görülüb. “100 xalq mahnısı” məcmuəsi, bir neçə mahnı və rəqslərin orkestr üçün işlənməsi də məhz S.Rüstəmov yaradıcılığına aiddir.
S.Rüstəmov 20-yə yaxın tamaşaya musiqi yazıb. “Alagöz”, “Qurban adına”, “Bənövşə”, “Haradasan” və digər mahnıları bəstəkara ümumxalq məhəbbəti qazandırıb. Onun “Sürəyya”, “Mən sülhə səs verirəm”, “Sumqayıt” mahnıları Dövlət mükafatına layiq görülüb. O, müasir mövzuda yazılmış ilk musiqili komediyaların –“Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” komediyalarının müəllifidir.
Səid Rüstəmov 1983-cü ildə vəfat edib.
Subyekt.az