
26 May – Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin 110 illiyi, (1914-1996)
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonar bir müddət Böyük Bəhmənli kəndində dil və ədəbiyyatdan dərs deyən İ.Əfəndiyev 1935-1938-ci illərdə Qaryagin şəhər orta məktəbində coğrafiya müəllimi işləmiş, eyni zamanda gənclərin təlim-tərbiyəsində, savadsızlığın aradan qaldırılmasında, məktəbyaşlı uşaqların təhsilə cəlb olunmasında fəallıq göstərmişdir. 1934-cü ildə APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürməyib; elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olub. O, 1938-ci ildə APİ-nin coğrafiya fakültəsinin qiyabi şöbəsini qurtarıb rayona qayıdaraq müəllimliyini davam etdirib. Onun bir sıra məqalə, oçerk və hekayələri respublikanın müxtəlif qəzetlərində dərc olunurdu. Yaradıcılıq yollarında inamla addımlayan gənc yazıçı 1941-45-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi verilişlər şöbəsinin müdiri, 1945-ci ildən Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi, daha sonra isə “Azərnəşr”də bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda və əlaqədə işləmiş, həyatı dərindən öyrənmiş, dünyagörüşünü daima artırmışdır. 1945-ci ildə İ.Əfəndiyevin “Aydınlıq gecələr” adlı ikinci kitabı nəşr olunur ki, burada əsasən müharibə illərində yazılmış əsərlər toplanmışdı. Əlinə qələm aldığı ilk gündən müasir mövzulara daha çox müraciət edən dramaturq, 1971-ci ildə mövzusu tarixi keçmişimizdən götürülmüş “Mahnı dağlarda qaldı” pyesini yazıb. Yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İ.Əfəndiyev 1972-ci ildə Respublika dövlət mükafatına layiq görülüb. Görkəmli ədəbiyyat xadimi, geniş şöhrət qazanmış İ.Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq görülmüşdür. 1994-cü ildə Xalq yazıçısı İ.Əfəndiyevin anadan olmasının 80 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yazıçını “Şöhrət” ordeni ilə təltif etdi. Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Kənddən məktublar” (1939), “Aydınlıq gecələr” (1945), “Pyeslər” (1949),
“Şamama” (1949), “Qoruqlarda” (1950), “Torpağın sahibi” (1952), “Bahar suları”
(1955), “Söyüdlü arx” (1959), “Körpü salanlar” (1960), “Dağlar arxasında üç dost”
(1964), “Zəmidə bir turac səsləndi” (1967), “Sarıköynəklə Valehin nağılı” (1980)
“Qırçı və qırmızı çiçək” (1981), “Geriyə baxma qoca” (1981), “Üçatılan” (1982),
“Bizim qəribə taleyimiz” (1989), “Üç roman” (1987), “Ceyran ovu” (1994) və s.
Subyekt.az