![]()
Bu gün millət vəkili Anatoliy Rafaelovun doğum günüdür. O, uzun illər ərzində millət vəkili kimi Quba rayonunun inkişafı, qubalıların və rayonun kəndlərində yaşayan vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Hər zaman vətəndaşların müraciətlərinə həssaslıqla yanaşmış, çətin vəziyyətə düşən insanların problemlərinin həllində yaxından iştirak etmişdir. Xüsusilə ağır xəstəliklə mübarizə aparan və maddi dəstəyə ehtiyacı olan vətəndaşlara göstərdiyi yardım onun yüksək insani keyfiyyətlərinin bariz nümunəsidir.
Anatoliy Rafaelovu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və məsuliyyətli fəaliyyətində yeni nailiyyətlər arzulayırıq. Arzu edirik ki, bundan sonra da ona üz tutan hər bir vətəndaşa dəstək olmaq üçün gücü, iradəsi və imkanları daim bol olsun.
Anatoliy Rafaelov 1953-cü il fevralın 5-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb İnstitutunun Müalicə işi fakültəsini bitirmişdir. Rus, ingilis və fars dillərini bilir. 1972–1974-cü illərdə hərbi xidmət keçmiş, 1974–1981-ci illərdə ali məktəbdə təhsil almışdır. 1981–1982-ci illərdə Bakı şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının internaturasında çalışmış, 1982–2001-ci illərdə Sumqayıt şəhəri Təcili Tibbi Yardım Xəstəxanasının həkim-travmatoloqu, 2001– 2010-cu illərdə “Hesed Qerson” Yəhudi Xeyriyyə Cəmiyyətinin Tibb Mərkəzinin direktoru olmuşdur. 2015-ci ildən “Sağlam ailə” MMC-nin səyyar tibbi xidmət üzrə müdiridir.
4 fevral 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şöhrət ordeni ilə təltif edilib.
Firəngiz Sabirqızı
Subyekt.az