
*
Ənvər Rza – 86
Bu gün
tanınmış Azərbaycan şairi, tərcüməçi, filoloq alim, dosent
Ənvər Rzanın anadan olmasının 86-ci ildönümüdür (Ənvər İsmayıl oğlu Rzayev; 03.03.1939, Aşağı Ayrım, Kəlbəcər – 08.06.1987, Moskva).
Ənvər Rzanın mətbuatda yayınlanan ilk şeiri o vaxtkı “Ədəbiyyat və incəsənət” qəzetinin 10.02.1962-ci il tarixli sayında çıxan “Göz işığı” olub.
“Göz işığı”ndan sonra ƏnvərRza dövri mətbuatda şerləri və bədii tərcümələri ilə davamlı olaraq çıxış edib. G.Bayronun “Şilyon məhbusu”, “Mazepa”, “Parizina” poemalarını uğurla dilimizə çevirib. O, “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda namizədlik dissertasiyasını da uğurla müdafiə edib.
İstedadlı şair, bacarıqlı tərcüməçi Ənvər Rza, U.Şeksprin, G.Bayronun poemalarını Azərbaycan dilinə birbaşa ingilis dilindən çevirib. Bunlardan başqa, S.Vurğunun “Vaqif” dramının ingilis dilinə çevrisi üzərində işləyən ədib, vaxtsız ölüm səbəbiylə bu və bir sıra başqa yaradıcılıq işlərini tamamlaya bilməyib…
Ənvər Rza 1987-ci il iyunun 10-da vəfat edib, vəsiyyətinə görə doğma kəndlərində dəfn edilib.
Ruhu şad olsun!
KÖNLÜMƏ BAHAR DÜŞÜB
Dağlar ağa bələnib,
Meşələrə qar düşüb,
Çöllərə un ələnib,
Qışın oğlan çağında
Könlümə bahar düşüb.
Baharı axtarıram,
Fikirlərim dərbədər;
Bir qışlıq uzaqlıqdan
Bahar məni tərpədər.
Gəzirəm, ağ yollarda
Yaşıl bir gəliş itib,
Torpağın dodağından
Yaşıl bir gülüş itib.
Könlümə bahar düşüb,
Baharım min adlıdır,
Baharım od köynəkli,
Qaranquş qanadlıdır.
Körpəliyi-
Tumurcuq,
Gəncliyi-
Şəlalədir,
Tərləyər muncuq-muncuq.
Gəlinliyi-
Lalədir.
Bir adı-
Tər bənövşə,
Bir adı-
Göy səməni,
Giley-güzarım olmaz
Yağışı vursa məni,
Bir adı-
Təmənnasız
Dupduru dağ havası,
Bir adı-
Bir namərdin
Gülləsindən yayınan
Alabaxta yuvası.
Bir adı-
Ana qoynu,
İnsan üçün, quş üçün.
Bir adı da – qənimdir
Qarnəfəsli qış üçün.
Dağlar ağa bələnib,
Meşələrə qar düşüb,
Çöllərə un ələnib,
Qışın oğlan çağında
Könlümə bahar düşüb.
Ənvər Rza
#TarixdəBuGün #Kəlbəcər #ƏnvərRza
Subyekt.az