![]()
Müasir dünyanın mürəkkəb geosiyasi reallığında bəzi şəhərlər təkcə paytaxt funksiyası daşımır ; onlar bütöv regionların siyasi ritmini müəyyən edən strateji diplomatik mərkəzlərə çevrilirlər. Bu gün belə şəhərlərdən biri də Qazaxıstanın paytaxtı Astanadır.
Son illərdə Astana yalnız Mərkəzi Asiyanın deyil ; bütövlükdə Avrasiya məkanının ən mühüm siyasi dialoq platformalarından biri kimi formalaşıb. Bəziləri hələ də “Avrasiyanın mərkəzi haradadır.. ?!” sualı ətrafında mübahisə etdiyi halda ; reallıq göstərir ki, bu gün Avrasiyanın siyasi diqqət mərkəzi məhz Astanadır.
Astananın Müstəqillik Sarayında keçirilən Avrasiya İqtisadi İttifaqı liderlərinin görüşləri bunu bir daha açıq şəkildə nümayiş etdirir.
Bu günlərdə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putini, Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadır Japarovu və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanı qəbul etdi.
Bu görüş formal diplomatik tədbirdən daha çox ; Avrasiya siyasətinin istiqamətlərini müəyyən edən mühüm geosiyasi platforma xarakteri daşıyırdı.
Görüşün əsas gündəliyində iqtisadi inteqrasiya, regional ticarət, logistika, enerji əməkdaşlığı və qarşılıqlı investisiya məsələləri dayanırdı.
Lakin prosesin görünməyən tərəfi daha böyük siyasi məna daşıyırdı. Çünki hazırkı beynəlxalq şəraitdə Avrasiya məkanında baş verən hər bir yüksək səviyyəli görüş artıq təkcə iqtisadi yox ; həm də strateji təhlükəsizlik və geosiyasi balans məsələsi hesab olunur.
Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, Qazaxıstan son illərdə özünü böyük güclər arasında balans siyasəti yürüdən etibarlı dövlət kimi təqdim edə bilib.
Astana həm Rusiya ilə münasibətləri qoruyur, həm Çinlə iqtisadi əməkdaşlığı genişləndirir, həm Türk Dövlətləri Təşkilatında fəal rol oynayır, həm də Qərb dövlətləri ilə əlaqələrini inkişaf etdirir. Bu isə Qazaxıstanı Avrasiyanın ən çevik diplomatik aktorlarından birinə çevirir.
Əslində Astananın yüksəlişi təsadüfi deyil. Son illərdə burada dünyanın ən mühüm beynəlxalq tədbirləri keçirilib. Suriya danışıqları, müxtəlif beynəlxalq təhlükəsizlik forumları, dini liderlərin qurultayları və regional əməkdaşlıq sammitləri Astananın diplomatik nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin yürüdüyü çoxşaxəli xarici siyasət kursu bu prosesdə mühüm rol oynayır. Tokayev anlayır ki, müasir dünyada yalnız iqtisadi resurslara malik olmaq kifayət deyil ; eyni zamanda siyasi etimad mərkəzinə çevrilmək lazımdır. Astana məhz bu etimad platformasını formalaşdırmağa nail olub.
Bu gün Avrasiya dünyanın ən mühüm geosiyasi rəqabət meydanlarından biridir. ABŞ, Rusiya, Çin, Avropa Birliyi və regional güclər bu geniş coğrafiyada təsir imkanlarını artırmağa çalışırlar. Belə bir mürəkkəb şəraitdə Qazaxıstanın neytral və balanslaşdırılmış diplomatik xətti ona xüsusi üstünlük qazandırır.
Bütün bunların fonunda “Bu gün Avrasiyanın mərkəzi Astanadır” fikri artıq emosional ifadə deyil ; konkret siyasi reallığın təsviridir. Çünki Avrasiya siyasətinin mühüm müzakirələri, iqtisadi inteqrasiya planları və regional strateji qərarları getdikcə daha çox məhz Astana üzərindən formalaşır.
Astana artıq yalnız Qazaxıstanın paytaxtı deyil. O, böyük güclərin dialoq masasına çevrilən ; Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi körpüdür.
Avrasiya siyasi mövsümü davam edir. Və bu böyük siyasi səhnənin əsas ünvanlarından biri bu gün məhz Astanadır…
Qəvami Sadıqbəyli
Subyekt.az