![]()
Martın 19-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Quba şəhəri Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində yuxarı sinif şagirdləri ilə görüş keçirib. “Yeni dövrün Azərbaycanı” mövzusunda təşkil edilən seminarda Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, məktəbin direktoru Sevil Allahverdiyeva və digər qonaqlar iştirak ediblər.
Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” mövzusunda çıxış edərək, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini vurğulayıb və BSU-nun bu çərçivədə regionlarda məktəblilərlə maarifləndirici görüşlər keçirməyi planlaşdırdığını bildirib. O, görüşlərin əsas məqsədinin Konstitusiya və suverenlik anlayışlarının mahiyyətini izah etmək, tarixi prosesləri araşdırmaq və bu mövzuda geniş müzakirələr aparmaqdan ibarət olduğunu qeyd edib.
Rektor çıxışında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın formalaşması və inkişafı istiqamətindəki misilsiz xidmətlərindən bəhs edərək, onun rəhbərliyi ilə 1993-cü ildən sonra ölkənin hüquqi bazasının təkmilləşdirilməsi və 1995-ci ildə ilk Konstitusiyanın qəbul edilməsi prosesindən danışıb. Eyni zamanda, 1978-ci il Konstitusiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin milli dövlətçiliyin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı Milli Məclisin deputatı Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov çıxış edərək Konstitusiya və suverenlik mövzularında məzmunlu fikirlər ifadə ediblər. Görüşdə BSU-nun “Gənc məktəbli dostu”, Quba rayonu Mehrab Niftaliyev adına texniki təmayüllü liseyin XI sinif şagirdi, robototexnika sahəsində uğurları ilə seçilən və bir sıra mükafatlara layiq görülən Zamiq Şükürov da öz həmyaşıdlarına qazandığı uğurlar, eləcə də yaradılan təhsil və inkişaf imkanlarından danışıb.
Sonda məktəblilərə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

.

.

.

.

.

.

.

Subyekt.az