![]()
Son günlərdə müəyyən daxili və xarici ideoloji dairələrin təsiri altında, eləcə də emosional kütlə psixologiyası ilə hərəkət edən bəzi qruplar tərəfindən Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa əleyhinə mütəşəkkil qaralama, mənəvi terror və siyasi təzyiq kampaniyası yürüdülməkdədir.
Sosial sabitliyi və ictimai rəyi manipulyasiya etməyə yönəlmiş bu sistemli yanaşmalar; azad cəmiyyət prinsiplərinə, konstitusion hüquqlara və fundamental demokratik dəyərlərə zidd olan bir dünyagörüşün təzahürüdür.
Fazil bəyin çoxillik publisistik, elmi və analitik fəaliyyətində tarixi proseslərin bu günümüzə təsirini rasional süzgəcdən keçirməsi, bir ziyalı olaraq cəmiyyətə alternativ baxış bucaqları təqdim etməsi onun həm vətəndaş, həm də millət vəkili kimi toxunulmaz hüququdur. Bu obyektiv elmi mülahizələrin kontekstdən qəsdən qopardılması, onlara süni şəkildə “Şah İsmayıl əleyhdarlığı”, “dövlətçilik tarixinə təhqir” və ya “məzhəbçilik” kimi manipulyativ çalarların verilməsi cəmiyyətdə süni qütbləşmə və süni gərginlik yaratmağa yönəlmiş məsuliyyətsiz, həm də təhlükəli bir ssenaridir.
Böyük Quruluş Partiyası olaraq qətiyyətlə bəyan edirik ki, tariximizin heç bir mərhələsi, o cümlədən Səfəvilər dövrü və həmin dövrün xadimləri elmi tənqiddən, tabulardan kənar rasional təhlildən və alternativ baxışlardan uzaq, toxunulmaz dogma statusuna malik deyil və ola bilməz. Tarixi şəxsiyyətlərin mütləqləşdirilməsi, bütləşdirilməsi və fərqli elmi yanaşma nümayiş etdirənlərin hədəf lövhəsinə çevrilməsi orta əsrlər təfəkkürünün təzahürüdür.
Məsələnin elmi-akademik müstəvidən çıxarılaraq siyasi təzyiq alətinə çevrilməsi Azərbaycan Respublikasının dünyəvi və hüquqi dövlət prinsiplərinə birbaşa təhdiddir. Azərbaycan Konstitusiyası ilə təmin olunan fikir və söz azadlığının qrup maraqları çərçivəsində məhdudlaşdırılması və cəmiyyətdə özünüsenzura mühitinin yaradılması hüquqi baxımdan qəbuledilməzdir. Sosial şəbəkələrdə sistemli şəkildə formalaşdırılan linç və aqressiv ritorika həm sağlam ictimai diskussiyanı tənəzzülə uğradır, həm də intellektual təzyiq atmosferi yaradır. Millət vəkilinin və siyasi partiya rəhbərinin mənəvi nüfuzunu hədəf alan qarayaxma kampaniyaları elmi həqiqətləri dəyişmək və azad düşüncəyə əsaslanan ictimai iradəni sarsıtmaq gücündə deyil.
Cəmiyyəti emosional reaksiyalardan uzaq duraraq, hüququn aliliyinə və rasional təfəkkürə söykənən mövqe nümayiş etdirməyə dəvət edirik. Azad düşüncə, plüralizm və tolerantlıq dəyərləri təkcə demokratik inkişafın deyil, həm də Azərbaycanın milli həmrəyliyinin və dövlət təhlükəsizliyinin strateji sütunlarıdır.
Subyekt.az