Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən cari ilin əvvəlindən Balakən və Zaqatala rayonlarında karantin zərərverici olan qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə monitorinqlər həyata keçirilib və biotexniki feremon tələlər quraşdırılıb.
Belə ki, cari İlin birinci rübündə zərərvericiyə qarşı mübarizə tədbirlərinin effektivliyini təmin etmək məqsədilə qışlama yerlərinin monitorinqi keçirilib. Ölkə üzrə 4561 məntəqədə (yaşayış yeri, ictimai iaşə obyektləri və s.) aparılmış monitorinqlər nəticəsində 382 məntəqədə zərərvericinin 14395 ədəd yetkin fərdi müşahidə edilib. Aşkarlanmış zərərvericilər mexaniki yolla məhv edilib. Zərərvericiyə qarşı mübarizə məqsədilə cari ilin mart ayından başlayaraq Respublikanın müxtəlif bölgələrində zərərvericinin populyasiyaların kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 5975 ədəd feromon tələ quraşdırılıb. Zərərvericinin daha çox müşahidə olunduğu Zaqatala rayonunun Bazar və Balakən rayonunun Poştbinə kəndlərində kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Qəhvəyi mərmər bağacığına qarşı bugünədək 2,3 min hektar sahədə müşahidə aparılıb, 140 hektarda sirayətlənmə aşkarlanıb və 130 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib.
Həmçinin, Mərkəzin əməkdaşları tərəfindən qeyd olunan rayonların kəndlərinin ictimai iaşə obyektlərində, yardımçı tikililərdə və inzibati binalarında təhlükəsizlik qaydalarına əməl etməklə zərərvericiyə qarşı mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Tədbirlər davam etdirilir.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı son illər əsasən fındıq bağlarının ən təhlükəli karantin zərərvericilərindən hesab edilir. Məhsudarlığa ciddi ziyan vura bilir. Polifaq bir zərərvericidir, onun qidalandığı təxminən 300-dən çox fərqli bitki var. Zərərverici əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi 300-ə qədər yumurta qoya bilir. Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində qida bitkisinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Bunun nəticəsində də meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ- kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasəndə fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır. Qəhvəyi mərmər bağacığı qonşu ölkələrdə təsərrüfatlara qısa müddətdə xeyli miqdarda zərər vurub.
Subyekt.az