![]()
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə həyata keçirilmiş kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyən edilib.
Aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlar əsasında müəyyən edilib ki, 1994-cü il təvəllüdlü Məmmədov Elnur Həsən oğlu 2025-ci ilin iyul ayında aralarında yaranmış mübahisə zəminində birgə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən fərdi yaşayış evində anası Timofeyeva Lyudmila Veniaminovnanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri vurub.
Nəticədə zərərçəkmiş şəxsə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilib və həmin xəsarətlər nəticəsində onun öldüyü müəyyən edilib.
İstintaq materiallarına əsasən, Elnur Məmmədov daha sonra anasının meyitini birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətində basdırıb.
İş üzrə həyata keçirilmiş prosessual hərəkətlər, o cümlədən hadisə yerinə baxış zamanı Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ekspertlərinin iştirakı ilə qeyd olunan ünvanda qazıntı işləri aparılıb. Qazıntı zamanı insan skeleti aşkar edilərək götürülüb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Toplanmış ilkin sübutlar əsasında Elnur Məmmədov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cinayət işinə cəlb olunub və ona ittiham elan edilib.
Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Baş Prokurorluq tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayət işlərinin açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların hərtərəfli araşdırılması daim diqqətdə saxlanılır. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər davam etdirilir.
Subyekt.az