![]()
Cari ilin 16-17 iyun tarixlərində Monqolustanın Ulan-Bator şəhərində “Transmilli cinayətlərlə mübarizə sahəsində prokurorluğun rolu: əmlakların izlənməsi, bərpası və hesabatlılıq şəbəkələri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Müxtəlif ölkələrin prokurorluq və hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların nümayəndələrinin və elm xadimlərinin qatıldığı tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini Günay Əyyubova və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Elmir Zeynalovdan ibarət nümayəndə heyəti iştirak edib.
Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətini qəbul edən Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraq ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən dostluq münasibətlərinin mövcudluğunu vurğulayıb.
J.Banzraq cari ilin may ayında Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin dəvəti ilə ölkəmizə səfərini xatırlayaraq, hər iki ölkənin nümayəndələrinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafına tövhə verəcəyini qeyd edib.
Konfransda “Aktivlərin aşkar edilməsi, izlənməsi və bərpası sahəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun rolu” mövzusunda təqdimatla çıxış edən Günay Əyyubova ölkəmizdə bu sahədə həyata keçirilən islahatlar, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların aşkar edilməsi, izlənməsi, müsadirə edilməsi və müsadirə edilmiş əmlakların idarə edilməsi ilə bağlı qanunvericilikdə aparılan islahatlar, formalaşan təcrübə, eləcə də bu istiqamətdə regional və beynəlxalq platformalar çərçivəsində tərəfdaşlarla əməkdaşlıq əlaqələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə, həmçinin transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət yolu ilə əldə olunmuş əmlakın bərpası sahəsində beynəlxalq əməkdaşlıq, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində rəqəmsal alətlərin istifadə olunması mövzularında təqdimatlar keçirilmiş, iştirakçılar üçün maraq kəsb edən digər məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Subyekt.az