![]()
Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında ən yüksək qablaşdırma göstəricilərinə görə I yerə (Qızıl medal) Kəlbəcər bal brendi “Balland” layiq görülüb. Mükafat brendin nümayəndəsi Ruslan Mustafayevə təqdim edilib.
Konfransın təşkilatçıları — Şahdağ Arıçılıq və xüsusilə Elxan müəllim başda olmaqla, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.
Kəlbəcərin işğaldan azad olunmasından ötən 5 il ərzində Kəlbəcər balı öz şöhrətini təkcə Azərbaycanda deyil, artıq beynəlxalq miqyasda da qazanmaqdadır. Möhtərəm Cənab Prezidentin Kəlbəcərə səfəri zamanı “Balland” brendini ziyarət etməsi bölgəyə qayıdan təsərrüfat sahibləri üçün güclü motivasiya olmaqla yanaşı, böyük ruh yüksəkliyi yaradıb.
Hazırda Kəlbəcərdə arı ailələrini qışlama üçün saxlayan bir neçə təsərrüfat sahibi fəaliyyət göstərir. Sabir Mustafayevlə yanaşı, Mobil Mustafayev və adlarını sadalamadığımız digər arıçılar Kəlbəcərdə yerləşən arıxanalarında minimum itki ilə yaza çıxmağı hədəfləyiblər.
Subyekt.az kollektivi adından “Balland” kollektivini qazanılan uğur münasibətilə təbrik edir, fəaliyyətlərində davamlı nailiyyətlər arzulayırıq. Kəlbəcər balını dünya miqyasında tanıdacağınıza olan inamımız sonsuzdur.





Rövşən Hüseynli
Subyekt.az