![]()
Dövlət Komitəsinin sədri çıxışında şəhərsalma, sosial rifah, dayanıqlı inkişaf və gender bərabərliyi arasında güclü əlaqənin mövcud olduğunu vurğulayıb. O, dünyanın bir çox bölgəsində qadın və qızların hələ də adekvat mənzil, təhlükəsiz yaşayış şəraitinə çıxışda ciddi problemlərlə üzləşdiyini, silahlı münaqişələr, humanitar böhran və iqlim dəyişikliklərinin mövcud bərabərsizlikləri daha da dərinləşdirdiyini qeyd edib. Gender-həssas yanaşmaların şəhərlərin gələcəyini formalaşdıran strateji gündəliyin vacib hissəsinə çevrildiyini diqqətə çatdırıb.
B.Muradova, Azərbaycanın post-münaqişə dövründə dayanıqlı bərpa və insan yönümlü şəhər inkişafı modelini təşviq etdiyini bildirib. O, azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesində müasir şəhərsalma prinsipləri, ağıllı həllər, yaşıl inkişaf və sosial inteqrasiya yanaşmalarının tətbiq olunduğunu, qadınlar və qızlar üçün bərabər imkanların təmin edilməsinin əsas prioritet kimi müəyyənləşdirildiyini vurğulayıb.
Sədr, bir sıra beynəlxalq konfranslara ev sahibliyi edən Bakının təhlükəsizlik, əlçatanlıq və dayanıqlı həlləri təşviq edən müasir şəhər modeli kimi inkişaf etdiyini deyib. Qadınların qərarqəbuletmə və strateji planlaşdırma proseslərində iştirakının şəhərləri daha təhlükəsiz və inklüziv etdiyini bildirən B.Muradova, əkavə edib ki, beynəlxalq əməkdaşlığın, hüquqi və institusional mexanizmlərin gücləndirilməsi dayanıqlı və insan yönümlü şəhərlərin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Çıxış edən digər natiqlər qadınların torpaq və mülkiyyət hüquqlarının təmin edilməsi, iqlim dəyişikliklərinin yaratdığı risklər fonunda həssas qrupların müdafiəsi və genderə həssas şəhərsalma yanaşmasının tətbiqinin vacibliyini vurğulayıblar. Bununla yanaşı, genderə həssas mənzil siyasətlərinin təşviqi, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və innovativ yanaşmaların paylaşılması məqsədilə yeni tərəfdaşlıq mexanizmlərinin yaradılmasının əhəmiyyəti qeyd edilib.
Açılış nitqləri dinlənildikdən sonra iştirakçı formatda sessiya təşkil olunub, plenar çıxışlar və tematik müzakirələr çərçivəsində müxtəlif ölkələrin təcrübələri təqdim edilib, gender statistikası və uğurlu tətbiq nümunələri əsasında fikir mübadiləsi aparılıb.

.

.

.

Subyekt.az