![]()
İki ildir kirayə qaldığım, pəncərəsiz, havasız otaq bu gecə qəribə dərəcədə gözəl qoxuyur. …..
Həyət qapısını açıq qoymuşdum ki, heç olmasa həyətdən gələn hava otağa dolsun. Başım bulaşıq qabların yumağa qarışmışdı ki, birdən qapıda Bənövşə xala göründü. Qucağında bir dəstə yasəmən gülü vardı.
— Qızım… — deyə səsləndi.
Bəli “Bənövşə xala!” deyib sevincək qarşısına yeridim. O, gülləri balaca qızımın qucağına qoyub:
— Al, sənə gətirmişəm, — dedi.
Qızım sevinc içində gülləri qucaqladı, dərindən qoxladı. Sonra bir banka tapıb içinə su doldurdu və yasəmənləri suya qoydu. İçimdən “Allah hər istədiyimizi belə versəydi, nə gözəl olardı…” deyə düşündüm. Dünən qızım “Ana, mən yasəmən gülü istəyirəm” deyirdi, bu gün isə Bənövşə xala bir dəstə yasəmən gətirmişdi.
Bənövşə xala tək oğlu — Şuşa fatehi, şəhid Babayev Talehin anasıdır. Kirayə qaldığım evlə onun evi qonşudur. Kimsə məndən “Harada qalırsan?” deyə soruşanda “Səməd Vurğun küçəsində” deyirəm. Küçənin hansı tərəfi olduğunu soruşanda isə “Şəhid anası Bənövşə xalagilin qonşuluğunda” cavabını verirəm.
Amma Bənövşə xala öz evində qalmır. Bəzən bacısıgildə, bəzən qızının yanında gecələyir. Deyir:
— Evdə tək qalmağa qorxuram. Elə bilirəm oğlumun cansız bədəni gözümün qabağında uzanıb. Sonra durub evin içində gəzir. Canıma üşərti düşür. Ağlımı itirməkdən qorxuram…
Ona görə öz evində gecələyə bilmir. Hərdən gəlib evinə baş çəkir. Hər gəlişində də mütləq mənə dəyir. Bir stəkan çay içir. Sonra həmişə eyni sözləri deyir:
— Sənin verdiyin çay mənə dərman kimi gəlir, qızım…
Ardınca da uzun-uzadı dualar edir.
Taleh döyüşə könüllü getmişdi. Öz istəyi ilə, sevinə-sevinə… Təzə qurduğu ailəsini, balalarını qoyub vətənin azadlığı uğrunda savaşanların sırasına qoşulmuşdu. Döyüşə-döyüşə Şuşaya qədər irəliləmiş, torpaqları azad edə-edə getmişdi. Sonra Şuşada düşmən snayperinin gülləsinə tuş gəlib şəhid olmuşdu. İndi onun dörd azyaşlı övladı atasız böyüyür.
Əvvəllər Bənövşə xala mənə əsəbi, sərt, hətta qəddar bir insan təsiri bağışlayırdı. Zaman keçdikcə gördüm ki, əslində belə deyil. Sadəcə, dərdi ağırdır.
Qapılarında Talehin böyük bir fotosu qoyulub. Mən hər dəfə həyətə girəndə də, çıxanda da gözüm o şəklə sataşır. Həmişə vətən şəhid verəndə özümü günahkar hiss etmişəm. Elə bilmişəm həmin gənclər mənə görə canlarından keçiblər. Onlar olmasaydı, bəlkə də biz çoxdan yox olmuşduq.
Yaşım artdıqca bunu daha dərindən anlayıram. İçimdə qəribə bir sızıltı dolaşır. Hər dəfə əlim sinəmə dəyəndə belə dəhşətli ağrını daha ağır hiss etdim. Ermənilərin işgəncə verdiyi qadınları düşünürəm . Düşmənlərin əsir götürdükləri qadınlarımıza , qızlarımıza etdiyi vəhşiliklər ,qadınların döşlərini kəsib yarasına duz səpməsini xatırladıqca adamı dəhşət bürüyür. Onların çəkdiyi ağrını bir anlıq öz canımda hiss etdim.
Son vaxtlar içimdə elə bir ağrı yaşayıram ki, sanki yaşamağa imkan vermir.
Bənövşə xala bəzən o plakatın qarşısında dayanıb saatlarla ağlayır. Mən qapıdan çıxanda ona təsəlli vermək üçün iki kəlmə söz belə tapa bilmirəm. Əslində söz tapmaq olar… Amma o da, mən də, hamı da bilir ki, o sözlər heç nəyi dəyişmir. Uşağı aldatmaq üçün deyilən təsəlli kimi səslənir. Ona görə susuram. Qulaqlarımı tutmaqdan başqa əlimdən heç nə gəlmir.
Mən uşaq olanda qonşuluğumuzda Eldəniz adlı subay bir oğlan şəhid olmuşdu. Onda çox şeyi anlamırdım. Onun anası — Elma xala da Bənövşə xala kimi ağlayırdı. “Oğlumun yaraları qanayır…” deyirdi. İndi anlayıram ki, şəhid analarının hamısı bir-birinə oxşayır. Dərdləri də eynidir, göz yaşları da, içlərinin göyərtisi də…
Bu gün Bənövşə xalanın gətirdiyi yasəmənlər otaqda sanki bir pəncərə açıb. Mən də, qızım da daha dərindən nəfəs alırıq.
Mətbəxin nəmişlikdən qaralmış divarına qızım iri hərflərlə “BMW” yazıb. Əvvəl görəndə mənasız qaralama bilmişdim. Günlər keçdikcə anladım ki, bu, bir maşın markasıdır.
İndi isə yasəmənlərin qoxusu otağa yayıldıqca o yazının rəngi də dəyişir sanki. Daha qara görünmür, parlaqlaşır. Elə bilirəm o maşına minib mən, qızım və Bənövşə xala birlikdə Şuşaya gedirik…
Firəngiz Sabirqızı
Subyekt.az