![]()
Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi vardır. Əmək fəaliyyəti ilə bağlı oyunlar və rəqslər, mövsüm bayramları, aşıq sənəti, meydan mərasimləri, “Qaravəlli” tipli müxtəlif tamaşa növləri xalq teatrının əsasını müəyyən etmiş, milli teatrın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır. Xalq teatrının repertuarını təşkil edən əxlaqi və tərbiyəvi əhəmiyyətə malik əsərlərlə yanaşı dini tamaşalar da teatr sənətinin formalaşmasında özünəməxsus rol oynamışdır. XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən içtimai-siyasi hadisələr ölkədə maarifçilik hərəkatının inkişafına güclü təkan verdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar oldu. Dahi mütəfəkkir Mirzə Fətəli Axundovun ədəbiyyatımıza dram janrını gətirməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynadı. Böyük maarifçi Həsən bəy Zərdabinin və görkəmli yazıçı Nəcəf bət Vəzirovun təşəbbüsü ilə 1673-cü ildə Bakıda Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi peşəkar teatrın təməlini qoydu. Teatrın böyük içtimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Bakıda, Qubada, Şəkidə, Şuşada, Naxçıvanda həmçinin Tiflisdə, İrəvanda teatr tamaşaları təşkil edirdilər. Azərbaycanın görkəmli ziyalıları Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov və başqaları dövrün teatr repertuarlarını zənginləşdirirdilər. Rusiyada və Avropada təhsil aldıqdan sonra vətənə qayıtmış azərbaycanlı gənclər dünya klassiklərinin əsərlərini tərcümə edərək tamaşaya qoymaqla teatr həvəskarlarını dünya ədəbiyyatının nümunələri ilə tanış edirdilər.
Azərbaycan teatr tarixinə bir çox görkəmli şəxsiyyətlər iz qoyub getmişlər. Hərəsi də öz dəsti xətti, öz imzaları ilə. Teatr tarixinə gəlişi ilə səs salan şəxsiyyətlərdən biri də xalq artisti, istedadlı rejissor, görkəmli müəllim Tofiq Kazımovdur. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Görkəmli ziyalı Tofiq Səməd Mənsur oğlu Kazımovun bu il 90 yaşı tamam olur.
Tofiq Kazımov görkəmli teatr xadimi, Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, “Nicat”, “Şəfa”) teatr truppalarının rəhbərlərlərindən idi.
Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun “Məlik Məmməd”, Abdulla Şaiqin “Ana” dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.
Tofiq Kazımov Bakıda II Fəxri Xiyabanda dəfn olunub.
Tariximizi, mədəni təşəkkülümüzü, milli-mənəvi məfkurəmizi özündə yaşadan məbədlərdən biri də teatrdır. Dünənimizi, bu günümüzü canlandırıb gələcəyə aparan mənəvi yaddaş daşıyıcımız sayılan səhnə, teatr sənət ocağı olmaqdan çıxıb, milli-mənəvi dərkimizə, kamilləşməyimizə xidmət edib. Onun sayəsində mütərəqqi ideyaları, demokratiya, azadlıq, millilik, və sülh kimi anlayışları küll olaraq dərk etmiş və dünyanın bütün tərəqqipərvər xalqlarına aşılamışıq. Bu bəşəri ideyaların daşıyıcısı olan Azərbaycan teatrının bəlkə də ən böyük nailiyyəti elə budur. Milli teatrımız öz mənbəyini uzaq keçmişlərdən alır. Qədim xalq oyunlarımız və milli bayramlarımızdakı teatr nümunələri fikrimizin isbatıdır. Uzun zaman xalq yaradıcılığında yaşamış bu sənət zamanın axarında professionallıq pilləsinə qalxmışdır. Sənət fədailərinin məbədə çevirdiyi milli teatrımızın tarixində təbii ki, ilkin mərhələ olan xalq teatr və dram dərnəklərinin də müstəsna rolu var. Deyirlər ki, hər hansı bir mədəniyyəti və incəsənəti, onun mənəvi intelekti haqqında ilk təəssurat əldə etmək üçün həmin millətlərin teatrına getmək kifayətdir. Orada hər şey gün kimi aydındır. Belə ki, binanın daxili və xarici arxitektura baxımından klassik görünümü dövlətin teatra münasibətini, tamaşa ilə ünsiyyət sənətçilərin professional səviyyəsini müəyyən etməkdə, tamaşaçılarla tanışlıq isə həmin xalqın mənəvi dünyası, həyat tərzi, yaşayışı, sənətə və sənətkara qarşı diqqətini aşkarlamağa imkan verir. Beləliklə, dövrün və zamanın barometri olan teatr öz xalqının mənəvi intellektual səviyyəsini, simasını bütün rəngləri ilə bir görüşdə rəsm etmiş olur. XX əsrdə Azərbaycanda maarifçiliyin daha səmərəli və geniş miqyaslı təkamülü başlandı. Həmin inkişafda müstəsna xidmətli olan ziyalılardan biri də mütəfəkkir-filosof Mirzə Fətəli Axundzadədir. Mirzə Fətəli həm də milli peşəkar dramaturgiyamızın banisidir. İllər keçdikcə teatr mədəniyyəti öz təfəkkülünü tapır, formalaşır və daha da mükəmməlləşmişdir. Yaradıcılıq axtarışlarında teatrın yeni dramaturqlarla əlaqəsi daha da möhkəmlənmiş və bu, səmərəli nəticələr vermişdir. Teatr gənc tamaşaçılarını Azərbaycan xalqının qəhrəman keçmişi ilə yaxından tanınmış olmasına, onlarının qəhrəmanlıq hissləri aşılanmasına təsir göstərmişdir. İlk illərdən başlayaraq teatr daim öz professonal səviyyəsini yüksəldir, zamanla səsləşən yüksək ideyalı, böyük tərbiyəvi əhəmiyyətə malik maraqlı tamaşalar yaradırdı. Milli teatrımıza göstərdiyi misilsiz xidmətlər göstərən şəxsiyyətlərdən biri də məhz böyük insan Tofiq Kazımovdur. Yaradıcılıq axtarışlarında teatrın yeni dramaturqlarla əlaqəsi daha da möhkəmlənmiş və bu, səmərəli nəticələr vermişdir. Teatr gənc tamaşaçılarını Azərbaycan xalqının qəhrəman keçmişi ilə yaxından tanınmış olmasına, onlarının qəhrəmanlıq hissləri aşılanmasına təsir göstərmişdir. İlk illərdən başlayaraq teatr daim öz professonal səviyyəsini yüksəldir, zamanla səsləşən yüksək ideyalı, böyük tərbiyəvi əhəmiyyətə malik maraqlı tamaşalar yaradırdı. Görkəmli rejissor Tofiq Kazımov 57 yaşında dünyasını dəyişib. Ancaq ömrünü sənətə həsr etdiyi illər ərzində milli teatr tarixinə qızıl hərflərlə yazılan tamaşalar bəxş edib.
Tarixin bütün inkişaf mərhələlərində hərəkətverici qüvvə rolunu oynayan insan öz idraki fəaliyyəti nəticəsində inkişafın aktiv və yaxud passiv şəklinin təmin şəklinə çevrilmişdir. Mühiti bu və ya digər şəkildə istiqamətləndirərək, inkişaf etdirən insan, məhz məqsədyönlü fəaliyyətində olmağı lazım bilmiş, bunun üçün öz bilik, bacarıq vərdiş və qabiliyyətindən istifadə etmişdir. İdrakın bu istiqamətinin mədəni axarda formalaşması, eyni zamanda formalaşmaya təkan verməsi, həm də mühiti zənginləşdirmiş, maddi və mənəvi sərvətlərin yaranmasına gətirib çıxarmışdır. Mədəniyyət axarında belə sərvətlərin qorunması, digər nümunələrin yaranmasından ötrü zəminə çevrilməsi, nümayiş etdirilməsi, qiymətləndirilməsi, nəhayət tədqiqat mənbəyinə çevrilməsindən ötrü milli dəyər və sərvətlərimizin, eləcə də teatrların yaradılması zəruriyyətə çevrilmişdir. Hazırda bəşəri inkişafın hərəkətverici vasitəsi olan teatrlar təqdiredici və s. funksiyalarını həyata keçirməkdə davam edir… Bu gün haqqında danışacağımız şəxsiyyət teatr həyatında novatorluğu və yaddaqalan uğurları ilə imza atmış böyük insan Tofiq Kazımovdur. Qeyd etdiyimiz kimi o yenilikçi idi və cəsarətli fikirləri teatr səhnəsinə daim uğur gətirdi. Sonralar istedadlı rejissor öz teatrını yaratmaq arzusu ilə yaradıcılıq işlərinə imza atmağa başladı. Yeni ideyaları həyata keçirmək o qədər də asan deyildi. Gənc rejissor özü də bunu başa düşürdü. Onu da dərk edirdi ki, məqsədə çatmaq üçün gecə-gündüz çalışmaq, maneələri dəf etmək lazımdır. Gənc rejissorda isə bu iradə və enerji vardı. Əlbəttə, onun novator ideyalarına mane olmağa çalışanlar da çox idi. Mərd təbiəti, kimsəyə əyilməzliyi də özünə mane olurdu, ancaq o, dəyişə bilmirdi.
Tofiq Kazımov teatr tarixində ilk dəfə “Pəri cadu” nun səhnə variantını işləyib hazırladı, müəyyən obrazların konfliktdəki funksialarını daha da konkretləşdirdi. Əvvəlki tamaşalarında izlədiyi “borc və hiss” probleminə “Pəri cadu” da yeni rakursdan yanaşdı, ucuz hislərin əsiri olub, mənəvi borcu unutmağın faciəsini düşüncəmizin mərkəzində saxlayan müasir tamaşa yaratdı. Pyesdəki “nəfsi-əmmarənin” əksinə olaraq, Qurbanın faciəsini, əsasən, istəmədiyi, sevmədiyi adamla evlənməsində axtardı. Səlimə xeyirxah, sadə insandır, lakin ərinin ürəyinə girə bilməyib, onların arasında qırılmaz ünsiyyət yaranmayıb. Belə bir tərəqqi yozum Tofiq Kazımovun tamaşadakı ali məqsədindən doğduğuna görə, təbii və lazımlı görünürdü. Rejissor bir vacib xətti də insanların öz məqsədlərinə çatmaq üçün uğrunda apardıqları mübarizə üzərində qurmuşdu. Rejissorun fikrincə, məqsəd humanist duyğulardan doğmayanda estetik gözəlliyi itir, onun uğrunda aparılan mübarizə tənqid hədəfinə çevrilir.
T.Kazımov Akademik teatrla yanaşı, başqa teatrların səhnəsində də uğurlu tamaşalar hazırlayıb. Rus Dram Teatrında “Şəhərin səhəri” pyesi böyük müvəffəqiyyətlə oynanılıb. T.Quliyevin “Qızıl axtaranlar” operettasına “Muskomediya” da quruluş verib. T.Kazımovun kino fəaliyyətində çəkdiyi filmlər çoxluq təşkil etməsə də, həyatının bu mərhələsi də maraqlı olub.
T.Kazımovun yaradıcılıq yolunu izlədikcə, onun əməkdaşlıq etdiyi dramaturgiya ən azı təəccüb doğurur”-deyən İ.İsrafilov rejissorun yaradıcılığında Şekspir, M.F.Axundzadə, C.Məmmədquluzadə, İ.Əfəndiyev, M.Qorki, M.İbrahimov, V.Hüqo, Ə.Haqverdiyev, A.Vampilov, K.Qoldoni, B.Vahabzadə, İ.Qasımov kimi müəlliflərin üstünlük təşkil etdiyini qeyd edib: Və hər bir müəllifin öz ədəbi fəzası, öz ruhu, öz bədii tələbləri. T.Kazımovun hər müəllifə fərdi əməkdaşlıq münasibəti olmuşdur. Həmin müəlliflərin əsərlərinin səhnə təcəssümü belə bir qənaətə gəlməyə imkan verir ki, T.Kazımov daxilən o əsərləri sevmiş və həmin əsərlə uğur qazana bilmişdir.
Tofiq Kazımov Bakıda, kasıb bir ailədə dünyaya gözə açıb. Atası Səməd Mənsur sərbəst düşüncəli, azad fikirli bir şair olub. Satirik şerlərinə görə onu Sabirin davamçısı hesab edirmişlər. Səməd Mənsur həmçinin bir çox musiqi alətində ifa etməyi bacarır, dram əsərləri yazır, musiqi bəstələyir və bir neçə dildə sərbəst danışa bilirdi. Onun bu bacarığı qanla övladlarına da keçmişdi. Atası dünyasını dəyişəndə Tofiqin 4 yaşı varmış. Həyatı nə qədər çətin keçsə də, balaca Tofiq atasının incəsənətə olan marağını xatırlayaraq böyüyüb. Belə anlarda ona elə gəlirdi ki, həmin musiqiləri yenidən eşidir, şeirləri təzədən dinləyir. O, məhəllə uşaqlarını yığaraq küçədə səhnə qurar, onlara gələcəyin Nəsibə Zeynalova, Mehdi Məmmədov kimi sənətkarları qoşulardı. Balaca aktyorların ilk tamaşaçıları məhəllə uşaqları olardı. Onların küçə tamaşaları məşhurlaşdıqca tamaşaçılarının da sayı çoxalardı. Artıq yaşlı adamlar da onların tamaşaçısına çevrilirdi. Tofiq yeddiillik ümumtəhsil məktəbini bitirəndə səhnəyə bitib-tükənməz istəyinin ardınca gedərək Bakı Teatr Texnikumuna daxil olub. Görkəmli rejissor Aleksandr Tuqanovun tələbəsi olmaq onun gələcək inkişafında mühüm rol oynayıb. Böyük Vətən Müharibəsinin başlanması çoxları kimi gənc Tofiqin də arzularının həyata keçməsinə mane olur. Yaşıdlarına qoşularaq Tofiq də cəbhəyə yollanır. Döyüşlərin birində ağır yaralanır. Müalicə olunub sağalsa da, cəbhə üçün yararsız hesab olunduğundan Bakıya qayıdır.
T.Kazımov yenidən yarımçıq qalan teatr arzularının ardınca getməyi qərar verir. Bir müddət GTT-də aktyor işləməyə başlayır. “Məlik Məmməd”, “Ana” və s. tamaşalarda oynayır. Ancaq teatr təhsilini Moskvada davam etdirmək istəyi ona bir an da rahatlıq vermir. Anasının razılığı ilə Moskvaya gedir. Bəxti onda gətirir ki, Ümumittifaq Teatr Sənəti İnstitutuna, Knebbelin rejisorluq kursuna daxil olur. Oleq Tabakov, Oleq Yefremov, Yevgeni Vaxtanqov kimi sənətkarlarla eyni kursda oxuması onun gələcək inkişafında mühüm rol oynayır. Tofiq Kazımov gələcəyin böyük sənətkarlarına çevriləcək bu insanlarla dostluq əlaqələrini sonralar da qoruyub saxlayır.
Tofiq Kazımovun Azərbaycan milli sənət düşüncəsində qorunan irsi onu milli teatr sənətinin bənzərsiz fenomeni kimi qavramağa və bu baxımdan fərqli yaradıcı metodunu tədqiq etməyə əsas verir. Azərbaycan milli teatrşünaslığın bu aspektə, bir növ, “laqeyid” yanaşmasını anlamaq mümkündür: şərti olaraq 135 il hesablanan milli teatr tariximizdə Tofiq Kazımov kimi fenomen sayıla biləcək faktlar, demək olar ki, çox az sayda qeydə alınıb. “Tamaşanın müəllifi” yaradıcı iddiasında olan Tofiq Kazımov müəllimlik anlayışının ehtiva etdiyi bütün məqamları “rejissor sənəti” nə gətirən ilk sənətkarımızdır, desək, məsələnin ciddiliyini açıq-aydın görə bilərik. Təbii ki, Azərbaycan teatr sənətində yaradıcılıqla məşgul olan digər, sözün əsl mənasında, böyük rejissorlar teatr sənətinin mövcud olan imkanlarından və fərdi istedadlarından qaynaqlanan şərtlərlə bədii səhnə əsərləri yaratmağa müyəssər olublar. Lakin sözügedən bu rejissorların yaradıcılığına konseptual mövqedən yanaşanda, aydın olur ki, onlar şüurlu tərzdə “mediator”-ötürücü funksiyasını hərə öz bədii-estetik görüşləri zəmnində yerinə yetirib. Sxematik təsvir etsək ənənəvi rejissuranın konseptual modelini dramaturgiya-teatr tamaşaçı şəklində göstərə bilərik. Bu modelin başlıca şərti tamaşaçının ədəbi əsası olan dramaturji əasərin-pyesin dominant roludur. Bu dominantlığı şəksiz qəbul edən rejissor, müraciət etdiyi pyesin səhnə təcəssümünü gerçəkləşdirən, yalnız yozum imkanlarından faydalana bilir. Yəni ki, dramaturqun mövqeyini bildirən əsərin ideyası səhnə təcəssümündə bu və ya digər fərqlərlə tamaşanın ali məqsədinə çevrilir. Rejissor ali məqsədini ideya ilə əsaslanaraq onun emosianal, bədii-estetik təzahürünü verməklə kifayətlənir.
Rejissor Tofiq Kazımov mövcud olan “teatr qanunları” nı ilk tamaşalarından yaradıcı həmlələrilə öncə “təftiş”, getdikcə isə şüurlu surətdə inkar etməyə başladı. Bu gün yaşadığımız zaman nöqtəsindən “Kazımov dövrü” nə nəzər salanda, bu inqilabçı sənətkarın yaradıcı konsepsiyası açıq-aydın görünür və bugünkü elmi-nəzəri üsullarla başlayarkən, Tofiq Kazımov günlərimizdə olan zəngin nəzəri konsepsiyalara malik deyildi. İndi kateqorial şəkildə açıqlaya bildiyimiz mənaları o, hər yeni tamaşası ilə kəşf edir, onlara səhnə biçimi, səhnə forması verərək, o qədər də səmərəli olmayan müzakirə-mübahisələrdə müdafiə edirdi. Düzdür, bu fədakar sənətçi öz dövründə də tək deyildi, yanında onu başa düşən, dəstəkləyən ağıllı və istedadlı insanlar var idi. Zaman isə öz “işi” ni görürdü. Tofiq Kazımovun yaradıcılığı özü-özlüyündə milli teatr prosesinin mühüm mərhələsini təşkil edərək, milli rejissuranın inkişaf səmtlərini müəyyənləşdirirdi. Rejissor Tofiq Kazımovun bir sənətkar kimi fərdi-psixoloji zamanın parametrləri və keyfiyyəti onun mənşəyi, tərbiyəsi, təhsili və fərdi, məhrəm tərcihlərilə müəyyənləşdirilir.Tofiq Kazımovun fərdi-psixoloji zamanının formalaşmasına mükəmməl təhsili və ömrünün sonunacan qoruyub-saxladığı, dünyaya bəslədiyi maraq güclü təsir göstərmişdi. Əslində, onnun malik olduğu fərdi-psixoloji zaman Qərb-Şərq sosial-psixoloji özəlliklərini özündə birləşdirən kospolit-Dünya Vətəndaşlarının fərdi-psixoloji zamanı idi. Bu baxımdan belə qənaətə gəlmək olur: əgər o, əksər azərbaycanlılar kimi, doğma məmləkətinə bu qədər qırılmaz tellərlə bağlı olmasaydı, qürbətdə, deyək ki, Moskvada, Parisdə, İstanbulda, lap elə Kopenhagendə rahatca yaşayıb, uğurlu yaradıçı fəaliyyəti ilə məşgul olacaqdı.
Özünü rejissor kimi tam mənada realizə etdiyi zaman kəsiyində Tofiq Kazımov rejissor sözünün etimologiyasında başlıca olan “rejim” mənasını da gerçəkləşdirdi. O, rəhbərlik etdiyi teatrda bütün çətinliklərə rəğmən intelektual, publisistik, bədii estetik və mənəvi rejim yaratdı. O zamankı Azərbaycan Dövlət Akademik Dram Teatrında müəyyən qədər fərqlənən “Tofiq Kazımovun teatrı” əslində teatr içində teatr idi. Bu teatra müstəqillik verərək öz yolu ilə hərəkətini təmin etmək üçün onun “rejim” inin göstəricilərinə diqqət yetirmək kifayət idi.
Azərbaycan teatrşünaslığında aparıcı tendensiya olan tamaşanın bədii–estetik analiz üsulu klassik örnəklərdə uğurlu nəticələr verərək eyni zamanda ortodoksiya vəziyyətinə gəlmişdi. Aydın məsələdir ki, incəsənətin və konkret olaraq, teatr yaradıcılığının “bədii məhsulu” nu müxtəlif analiz üsulları ilə təhlil oluna bilər. Tofiq Kazımovun yaradıcı irsinə həm də fərdi, subyektiv mövqedən yanaşaraq, onun tamaşalarını reseptiv estetikanın kateqoriyaları ilə də dəyərləndirmək mümkündür. Azərbaycan milli teatr sənətinin dahi rejissoru Əhməd Tofiq Səməd Mənsur oğlu Kazımovun zaman müstəvisində qurduğu öz dünyası qədər əsrarəngiz, əbədi bir tamaşadır. Tanınmış içtimai xadim, şair, dramaturq, aktyor Səməd Mənsurun ailəsində daha bir oğlan uşağı dünyaya göz açdı. Milyonlardan biri kimi gəldi yer üzünə, çığırtısı ilə sanki “mən gəldim”, “mən varam” dedi hamıya. Hər kəs də bu çığırtıya təbəssümlə cavab verdi. Beləliklə, onun həyat təqvimi vərəqlənməyə başlandı. Atası Səməd Mənsur övladına Əhməd Tofiq adını verdi. Atası rəhmətə gedəndə Əhməd Tofiqin cəmi dörd yaşı vardı və bu ona qəmli zarafat kimi təsiri bağışlamışdı. Atasından sonra heç kim onu Əhməd Tofiq çağırmırdı, elə sadəcə Tofiq deyirdilər. Həmin vaxtdan başlayaraq anası Yaxşı xanım ona həm ana, həm ata oldu… Qarışıq zaman idi. Odur ki, anası Yaxşı xanım oğlu Tofiqi həyətdən kənara buraxmırdı. İllər keçdikcə həmin bu həyət onun üçün müəyyənləşdirilmiş arzuların uçuş meydançasına çevrilirdi. Bəzilərinin quş, bəzilərinin çərpələng uçurduğu vaxtlarda o, məhəllə uşaqlarından bir neçəsini başına yığıb öz həyətlərində kiçik səhnəciklər hazırlayırdı. Bu zaman o, həm rejissor olurdu, həm də baş rolun ifaçısı.
Bakı şəhəri, 1 may küçəsindəki 80 nömrəli ünvanda yerləşən həmin həyət teatrında “Dursunəli ballıbadı”, “Keçəlin sərgüzəştləri” daha sonra “Hacı Qara” , “Ölülər”, “Pəri Cadu”, oynanılırdı. Evdə olan döşəkağıları, köhnə geyimləri, məişət əşyalarını, bir ucdan daşıyıb aparan uşaqlardan bezar olsa da, Yaxşı xanım “təki küçəyə-bacaya çıxmasınlar” deyə razılaşırdı, bunları ötəri həvəs hesab edirdi. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yəni bu həyat teatrındakı tamaşaların ötəri həvəs olmadığı bir müddətdən sonra hamıya bəlli oldu. Həmin “truppa” nın aktyorları içərisində məhəllə uşaqlarından Əlibala Bayramov, Teymur Məmmədov və onun qardaşı,sonradan Azərbaycan teatr mədəniyyətinin görkəmli şəxsiyyətlərindən biri olacaq Mehdi Məmmədov vardı. Tofiq Kazımova gəlincə… O, hələ məktəb yaşlarından atasdının yaxın dostu, o zaman Azərbaycan Dram Teatırının direktoru vəzifəsində çalışan Hacıağa Abbasovun himayəsi ilə tez-tez teatra gedər, yeni tamaşalara, o zamankı əfsanəvi aktyorların yaratdıqları möcüzələrə acgözlüklə tamaşa edərdi. İçində od tutan yaradıcılıq atəşi alovlanıb genişləndikcə o, niyyətin mənzilini müəyyənləşdirdi və Bakı teatr texnikumuna daxil oldu. O dövrün məşhur rejissorlarından olan Aleksandr Tuqanovla tanışlığı onun teatr baxışlarını zənginləşdirdi. Həm də bu, o zaman daxilində baş qaldıran, amma ona aydın olmayan yeni istəklər, rejissor sənətinə qarşı meyli yaratdı. Texnikumu uğurla bitirən gənc Tofiq, o zamankı Gənc Tamaşaçılar Teatırının truppasında aktyor kimi çalışmaga hazırlaşırdı.
Tofiq Kazımov xoşbəxt idi. Amma bu xoşbəxtliyin ömrü çox qısa oldu. İkinci Dünya müharibəsinin başlanması, çoxları kimi onun da xoşbəxtliyinə pəl vurdu. Müharibəyə gedən T. Kazımov döyüşlərin birində yaralandı. Arxa cəbhədə müalicə olunsa da, aldığı yara onun aktyor kimi fəaliyyətinə ciddi əngəl oldu. Doğrudur, teatr tamaşalarında ona tapşırılan müxtəlif səpkili rollardan ürəyincə olanlar da vardı, olmayanlar da, amma əsas o idi ki, o, teatrdaydı, səhnəyə çıxırdı, müxtəlif geyimlər geyinib, qrim vurub, səhnənin tozunu udur, ən vacib isə tamaşaçı ilə üz-üzə sehrli dəqiqələr yaşayırdı. O, istəyinə çatmışdı. Amma öz daxili “mən” ində iddialı lideri yaşadan Tofiq Kazımov məhdud imkanlı aktyor kimi davam etməyi özünə sığışdıra bilmirdi. Odur ki, içindəki çəkişmədə qəti qərar qəbul etdi, rejissor sənətinə yiyələnmək üçün Moskvaya Dövlət Teatr institutuna üz tutdu və qəbul imtahanlarında uğur qazandı. Bakıda aktyorluq fəaliyyətində əsasən komik rollarda çıxış edən Tofiq Kazımova Moskvadakı təhsil illərində hazırlanan kurs işlərində romantik obrazlar tapşırılır. Bəzilərinə qəribə görünsə də, özünü I kursdakı imtahan işində o, Şeksprin “Otello” sunda baş rolu ifa edir və işlər kursun rəhbəri, dövrün teatralları arasında “qaşqabaqlı dahi” adlandırılan Aleksey Papov, istərsə də, aktyor sənəti müəllimi Mariya Knebel tərəfindən yüksək qiymət alır. “Tofiq Kazımovu başqa tələbə yoldaşlarından fərqləndirən bədii ehtiraslılıq, yüksək improvizasiya qabiliyyəti, öz rejissor mətnini səhnə vasitəsilə ifadə etmək istedadıdır”-M.Knebelin söylədiyi bu sözlər Tofiq Kazımovun sonrakı yaradıcılıq yoluna hazırlayırdı. Nəhayət, gözlənilən gün gəlib çatdı və Dövlət Teatr Sənəti İnstitunun məzunu Tofiq Kazımov Bakıya qayıtdı. Onun yaradıcılığı müddətində Azərbaycan teatrı bir çox yeniliklərə imza atdı.
Bir zamanlar mənə elə gəlirdi ki, Allah insana istedad bəxş etməklə onu min-min adamdan seçmək istəmiş, bunu bizə də tövsiyə etmişdir. Elə bil demək istəmişdir ki, ayıq olun, bu adamı sizlərdən daha çox xoşladığım üçün ona istedad verdim. Onu tanıyın, şəfqətinizi əsirgəməyin ondan. Lakin sonralar müşahidələrim, oxuduqlarım, eşitdiklərim məni başqa qənaətə gətirdi. Mənə bir həqiqət aydınlaşdı ki, Allah sərvət kimi istedadı bəxş edəndə, onunla bərabər sanki müşkülləri də üstəlik göndərir. Odur ki, istedadın qismətinə məhrumiyyətlər, sıxıntılar düşür, O, öz taleyindəki ağrı-acını dada-dada ömrünü başa vurmalı olur. Nə etməli, görünür, istedadın taleyi belədir. İstedad tənhalığa məhkumdur, sözləri ona məxsusdur, Tofiq Kazımova. Tofiq Kazımov yüzlərlə istedadlı tənha şəxsiyyətlərdən idi. Bu ucu-bucağı bilinməyən yaradıcılıq ümmanında öz tənha yelkəni ilə, gah amansız dalğalarla, gah da mülayim səmt küləyi ilə təkbətək idi. Sevinci də, kədəri də təkbətək idi və sevinci də, kədəri də təkcə özünə məlum idi.
İllər ötdükcə Azərbaycan teatrına ən böyük nailiyyətlər gətirənlərdən biri, görkəmli rejissor T.Kazımovun sənətkar dünyası kamilləşdi. Bu zaman təqiblər də gördü o, təzyiqlər də və tezliklə sadə bir həyat həqiqətini dərk etdi ki, yaxşı işləyəndə, hər dəfə daha dərin bədii-estetik qatlara nüfuz etmək istəyəndə, axtarışdan doymayanda başının ağrısı da çox olur. T.Kazımov Azərbaycan teatr mədəniyyətini addım-addım irəli aparır, milli rejissorluğun ifadə vasitələri xəzinəsini zənginləşdirir, səhnə sənəti tarixinin elmi-nəzəri kitabını səhifə-səhifə artırırdı. Tofiq Kazımovun 50-ci illərdən başlanan mürəkkəb, eyni zamanda şərəfli yaradıcılıq yolu 80-ci illərə qədər davam etdi. Bəzən kövrək və mənalı xatirələrə qaytarsa da, yolu bizim günlərdə bir daha addımlamaq, onun saldığı izləri bir daha izləmək, bir daha nəzərdən keçirmək olduqca xoşdur. Çünki bu, böyük bir sənətkarın yolu, Tofiq Kazımovun keçdiyi yoldur…
…O, teatra dünyanın ən gözəl yeri deyərdi. Və həqiqətən ilk baxışda sadə görünən bu sözlərdə təkcə T. Kazımova məlum olan xeyli güclü mənalar gizlənirdi. Nəşəli anlarında bu sözləri o, xüsusi vurğu ilə söyləyirdi. Bəlkə yeganə mətləb idi ki, o bu zaman zarafatı, yaxud istehzanı unudardı. Halbuki komik duyğu onda çox güclü idi… Məlumdur ki, hər bir sənətkar yaradıcılığa öz bədii amalı ilə başlayır. Bu o deməkdir ki, sənətkarın ərsəyə gətirdiyi bu və ya digər əsər də, şübhəsiz ki, onun bədii amalının konkret təzahürü, onun əqidəsi, həyat prinsipi kimi meydana gəlir. Yəni yaradıcı şəxsiyyət olduğu üçün sənətkar yaşadığı dövrün içtimai-fəlsəfi, bədii intelektual yükünün daşıyıcısına çevrilir.
Yaradıcılığının son illərində Tofiq Kazımov daşlaşmış səhnə ənənələrinin ağırlığını üzərindən atmaq, tamamilə fərqli teatr yaratmaq arzusu ilə yaşayırdı. Bir də Vətənini müstəqil görnmək, atasının vəsiyyətinə əməl etmək, azadlıq müjdəsini məzarda da olsa, ona yetirmək arzusu var idi. Ondan milli rejissor sənətində heç nə ilə əvəz edilə bilməyəcək boşluq, bizim-tələbələrin üzərində ödənilməyəcək ustad borcu qaldı… Tofiq Kazımov-dünyanın bənzərsiz istedadlarından biri kimi öz həyatını yaşayıb getsə də, sənəti ilə Azərbaycan teatrı tarixində öz məktəbini-Tofiq Kazımov məktəbini yaratdı. Əslində, bu, acı və ağrılar dolu ikrah və istehzayla “Rəngdir, gördüyün bu dürlü aləm…”–deyən Səməd Mənsurun, uzun illərdən bəri ədəbiyyatımızı və səhnələrimizi bürüyən riya və saxtakarlıqdan-süni insan münasibətlərindən, qondarma “Həyat faciələrindən”, pafosdan savayı heç nəyi olmayan təntənəli dialoqlardan Böyük Qurtuluşunun məntiqi və təbii davamı idi… Tofiq Kazımov, müvəqqəti də olsa, bu saxtalıq dənizinin keçilməz dalğalarını yarıb bizlər üçün təbii ot qoxulu, namnazik, yamyaşıl cığır açmağa müvəffəq oldu… O cığır hələ də lap yaxınlıqdadır, ən yaxın keçmişimizdə, həm də hələ də lap irəlilərdədir…
Tofiq Kazımovun yaradıcılığı boyu səhnəyə gətirdiyi əsərlərin sonrakı bədii taleyi olduğu kimi, təbii olaraq, yaranma səbəbləri də az deyildi. Rejissorun bədii təxəyyülü, emosional yaddaşı, həyat təcrübəsi zaman-zaman ən orijinal səhnə yozumlarının ərsəyə gəlməsinə imkan verirdi. Və həmin yozumlar konseptual əsas üzərində qurulurdu. Tofiq Kazımovun tamaşalarının istər xronologiyasını, istərsə də ideya-estetik inkişaf xəttini izləyəndə qəribə, həm də məhz bu rejissora xas olan mövzu ardıcıllığını müşahidə edirik. Bu ardıcıllığı təsadüf hesab etmək ağlasığmazdır, çünkü Tofiq Kazımovun tamaşaları, onun bütün yaradıcılıq ömrü boyu yazdığı böyük bir əsərin ayrı-ayrı fəsilləridir. Və həmin fəsillər, aydın məsələdir ki, təsadüfi ardıcılıqla deyil, müəyyən konseptual düzümlə biri digərini davam etdirir, tamamlayırdı. Tofiq Kazımov səhnənin gələcəyi üçün gənclərə meydan verib, yaşlıların təcrübəsindən istifadə etmək tərəfdarıydı. Tofiq Kazımov baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb etdi. Yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirirdi. Tofiq Kazımov, sözün əsl mənasında, hazırladığı səhnə əsərlərində “tamaşanın müəllifi” səviyyəsinə yüksəlirdi. Tofiq Kazımovun hazırladığı tamaşalarda divar, qapı, pəncərə və s. əışyalar (obyektlər) həm özünün konkret məişət mahiyyətini yerinə yetirir, həm də atribut-obraza çevrilirdi. Akademik teatrda həmişə gənc qəhrəman rolları tanınmış, müəyyən fəxri adlarla təltiflənmiş 50-60 yaşlı aktyorlara verilirdi. Bu səmərəsiz ənənəni məhz Tofiq Kazımov sındırdı.
Tofiq Kazımovun tamaşalarında həm fikir, həm də estetik forma baxımından həmişə təzə-tərlik, təravət vardı. Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda iyirminci əsrin hərəkət və təfəkkür surəti, qlobal içtimai və siyasi proseslərin ritmi, insnların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. Tofiq Kazımovun tamaşalarının finalı özü bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, sakit, yumşaq, ancaq enerji nüvəsində coşğunluq, əzəmət, hayqırtı, olan tərzdə tamaşaçılara çatdırıldı.Onun adı milli teatr tariximizə parlaq hərflərlə yazılıb. Onun səhnəmizdə tamaşaya qoyduğu əsərlər qızıl onluqların bəzəyi olub həmişə. Azərbaycanda yeni istiqamətli bir teatr məktəbinin yaranması da bu unudulmaz sənətkarın adıyla bağlıdır…
AYNUR TURAN
Subyekt.az