![]()
5 dekabr 1995-ci il. Naxçıvandan Bakıya uçan “Tu-134” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayır.
Hələ noyabrın 20-də təyyarənin heyəti jurnal qeydlərində belə yazmışdı: “Kondisioner sistemini işə salanda yağ yanığının qoxusu gəlir.” Kondisioner sistemi isə sol mühərriklə əlaqəlidir. Bu qoxu ilə bağlı qeyd noyabrın 27-də yenidən təkrarlanır. Binə aeroportunun mütəxəssisləri səbəbi tapa bilmədikdə, noyabrın 30-da Moskvada yerləşən aviatəmir zavoduna teleqram göndərərək nümayəndə tələb edirlər. Buna baxmayaraq, təyyarənin istismarı davam etdirilir.
Dekabrın 5-də “Tu-134” Bakıdan Naxçıvana uçur. Həmin gün saat 17:52-də isə Naxçıvan–Bakı marşrutu üzrə havaya qalxır. Uçuşun 86-cı saniyəsində sol mühərrikdə problem yaranır və güc aşağı düşür. Bort mühəndisi isə tələsik qərar verərək kapitana sağ mühərrikin sıradan çıxdığı barədə yanlış məlumat ötürür. Bir neçə saniyə sonra sol mühərrikdən alov çıxır. Bort mühəndisin yanlış məlumatına əsaslanan kapitan sağ mühərrikin söndürülməsini əmr edir. Bununla da təyyarə tamamilə gücsüz qalır.
Təyyarənin sürətlə aşağı enməyə başladığını və uçuş istiqamətində yaşayış evlərinin olduğunu görən kapitan təyyarəni kəskin döndərməyə məcbur olur. Bu manevr maililiyi artırır və əkin sahəsinə planlaşdırılan məcburi enişi xeyli çətinləşdirir. Nəticədə, yerə birinci olaraq təyyarənin “qarnı” deyil, sol qanad toxunur. “Tu-134” fırlanaraq böyrü üstə hərəkət edir və beton elektrik dirəyinə çırpılaraq dayanır.
Qəza zamanı təyyarədəki 82 nəfərdən 52-si həlak olur. 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalmağı bacarır. Möcüzə nəticəsində yanğın baş vermir — əgər baş versəydi, qurtulanların sayı yəqin ki, heç olmazdı.
Bu hadisə Azərbaycanın müstəqillik tarixində ən dəhşətli aviasiya qəzası hesab olunur.
#TarixdəBuGün #BakıNaxçıvan #Təyyarəqəzası
Subyekt.az