![]()
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin dərinliyi təkcə siyasi bəyanatlarla deyil, həm də konkret əməkdaşlıq mexanizmləri və qarşılıqlı etimad mühiti ilə ölçülür. Bu baxımdan Azərbaycan ilə Qazaxıstan arasında formalaşmış münasibətlər modeli yalnız strateji tərəfdaşlığın nümunəsi deyil, eyni zamanda ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanan qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.
Bu günlərdə Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfərini bu əlaqələrin növbəti mühüm mərhələsi kimi qiymətləndirmək olar.
Səfərin Şəhidlər xiyabanının ziyarəti ilə başlanması xüsusi simvolik məna daşıyır. Bu addım qazax xalqının Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda mübarizəsinə dərin hörmətinin ifadəsi olmaqla yanaşı, iki xalq arasında mənəvi bağların nə qədər möhkəm olduğunu bir daha nümayiş etdirir.
Müdafiə Nazirliyində keçirilən görüşlərdə hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri üzrə geniş fikir mübadiləsi aparılması göstərir ki, Azərbaycan–Qazaxıstan münasibətləri sistemli və məqsədyönlü şəkildə inkişaf edir.
Bu əməkdaşlıq təkcə regionun təhlükəsizlik arxitekturasına töhfə vermir, həm də hər iki ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nümayəndə heyətinin Müdafiə Nazirliyinin müxtəlif strukturlarında — Baş Əməliyyat İdarəsi, Rabitə və İnformasiya Texnologiyaları Baş İdarəsi, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi, eləcə də Milli Müdafiə Universiteti və C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən görüş və tanışlıqlar göstərir ki, praktiki əməkdaşlıq geniş sahələri əhatə edir.
Xüsusilə kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi, süni intellektə əsaslanan müdafiə mexanizmlərinin təqdimatı müasir çağırışlara uyğun əməkdaşlıq modelinin formalaşdığını təsdiqləyir.
Səfərin əsas məqsədi olan qarşılıqlı təcrübə mübadiləsi tərəflər arasında yüksək etimad səviyyəsinin mövcudluğunu və əməkdaşlığın uzunmüddətli strateji xarakter daşıdığını göstərir. Ordu quruculuğu kimi həssas sahədə bu qədər açıq və səmimi əməkdaşlıq yalnız dost və qardaş ölkələr arasında mümkündür.
Azərbaycan ilə Qazaxıstan münasibətlərinin əsasında dərin amillər dayanır. Hər iki xalqı birləşdirən ortaq türk kimliyi, tarix boyu formalaşmış qarşılıqlı dəstək ənənələri və mədəni yaxınlıq bu əlaqələri sadəcə dövlətlərarası münasibətlər çərçivəsindən çıxararaq qardaşlıq səviyyəsinə yüksəldir.
Bu gün bu qardaşlıq siyasi, iqtisadi və hərbi sahələrdə strateji tərəfdaşlıqla tamamlanaraq daha da möhkəmlənir. Azərbaycan–Qazaxıstan münasibətləri regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm amillərdən biri kimi çıxış edir.
İki dövlətin strateji tərəfdaşlığı və xalqlarımızın sarsılmaz qardaşlığı gələcəkdə də yeni uğurlara yol açacaq, əməkdaşlığın coğrafiyasını və məzmununu daha da genişləndirəcəkdir.
Qəvami Sadıqbəyli
Subyekt.az