
Deyirlər ki, mətbuat güzgüdür, cəmiyyətin güzgüsü. Cəmiyyət hansı səviyyədədirsə, mətbuat da o səviyyədədir. Ötən əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycanda elə ilk dövrlərdən başlayaraq müstəqil mətbuat formalaşmağa başlamışdı. Sözsüz ki, o dövrün ağır ictimai-siyasi və iqtisadi durumu mətbuata da öz təsirini göstərirdi. Söz və fikir azadlığının hər addımda boğulması, jurnalistlərin fiziki və mənəvi təzyiqlərə məruz qalması da həmin dövrün xarakterik cəhətlərindən idi.
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərmişdir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq “Tiflisskiye vedomosti”, “Zakavkazski vestnik”, “Kavkaz”, “Novoye obozreniye” və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
“Tiflisskiye vedomosti” Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər “Tiflisskiye vedomosti” qəzeti haqqında da yeri gəldikcə bəhs etmişlər. “Tiflisskiye vedomosti” qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzetin adı “Tiflis əxbarı” idi.
1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökumətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra “Ziya”, “Kəşkül” qəzetləri işıq üzü gördü. “Kəşkül”, “Əkinçi” ilə “Ziya” arasında orta bir mövqe tutmuşdu, lakin “Əkinçi” yə daha artıq dərəcədə meyli hiss edilirdi. Ziyalıların şüurunda “Azərbaycan milləti” məfhumunun oyanması “Kəşkül” dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, “din” və “millət” məfhumları ayrı-ayrı şeylərdir. “Kəşkül” qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. “Kəşkül” Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu, ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərmişdir. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi. Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olmuşdur. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilmişdir. Bunlardan rus nəşrləri aşağıdakılardır: “Qafqaz”, “Tiflisski vestnik”, “Tiflisskiye obyavleniya”, (Tiflisski listok), “Kaspi”, “Yuridiçeskoe obozrenie”, “Bakinskiye izvestiya”, (Bakinski torqovo-promışlennı listok) və “Severnı Kavkaz”.
Bakıda rus dilində çıxan qəzetlər ideya – siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti “Bakinski listok” hesab edilirdi. Qəzetin redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet “Bakinskiye izvestiya” nəşrə başlamışdır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general – qubernator D.S.Staroselskinin təşəbbüsü ilə buraxılmışdı. Staroselski 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə də kömək etmişdi. Onun “Bakinskiye izvestiya” qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. 1888-ci ildən sonra qəzet “Bakinski torqovo – promışlennı listok” adı ilə çıxmışdır.
1894-cü ilin yanvarından “Bakinskiye qubernskiye vedomosti” adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlamışdır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxmışdır. Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində “Kaspi” qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirmişdir. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxmışdır.
“Kəşkül” qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olmuşdur. Məsələn, Məmmədağa Şahtaxtinski 1896-cı ildə Azərbaycan dilində “Tiflis” adlı, Kamal Ünsizadə isə 1900-cü ildə “Daniş” adlı qəzet çıxarmaq istəmişlər. Lakin onların təşəbbüsü fayda verməmişdir. M.Şahtaxtinskinin “Şərqi-Rus” adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxmışdır. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir. “Şərqi-rus” qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir.
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi. Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxarıldı.
C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.
“Molla Nəsrəddin” in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi. Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edilmişdir. 1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getmişdir. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa etmişdir. Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə “Molla Nəsrəddin” in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”, “Azərbaycan gəncləri”, “Hürriyyət”, “Haqq”, “Füqəra sədası”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Gənc işçi”, “Azərbaycan füqərası”, rus dilində “Nabat”, “Molot”, “Proletari”, “Raboçi put”, “Qolos truda”, “Bednota”, “Molodoy raboçi”, “Novı mir” və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az
olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. “Kommunist” qəzeti “Hümmət’’, “Qoç-Dəvət”, “Təkamül”, “Yoldaş”, “Hümmət” (1917-1918-ci il-lər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı. “Kommunist” 1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri “Kommunist” i hökumət orqanlarından xəbərsiz, gizli buraxmışdılar. “Kommunist” in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə “Kommunist” leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində “Kommunist” və “Bakinski raboçi” qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda “Kəndçi qəzetəsi”nin birinci nömrəsi çapdan çıxdı. Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan “Şərq qadını” nın nəşr olunmasını qərara aldı. “Şərq qadını” jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən “Şərq qadını”, “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılmışdı. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində “Pioner” sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi. Həmin nüsxələr “Pioner” jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni 1927-ci ilin fevralında “Pioner” jurnalı kütləvi tirajla çıxmağa başladı. 1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan “İdman” qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932-ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” (Fizkulturnik Azerbaydjana) adı altında işıq üzü görmüş “İdman” qəzetinin artıq 70 – dən çox yaşı var. Sonrakı illərdə “Ədəbiyyat” (1933), “Azərbaycan pioneri” (1938), “Kirpi” jurnalı (1952), “Bakı” (1958) və s. qəzetləri meydana gəlmişdir. Ümumiyyətlə, “Molla Nəsrəddin” in Tiflisdə 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxmışdır. “Mola Nəsrəddin” çap edilib yayıldıqdan sonra onun təsiri altında Qafqazda, Orta Asiyada, Volqa-boyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və yumoristik jurnallar çıxmışdır. Bu jurnalların bir çoxu “Molla Nəsrəddin”in layiqli ardıcılları olmuş, inqilabi-demokratik ideyaları yaymışdır. Bəzi satirik jurnallar isə liberal görüşlərdən irəli getməmiş, aşağı səviyyədə çıxmışdır.
1911-ci il noyabrın 29-dan Bakıda “Məktəb” adlı yeni bir uşaq jurnalı nəşrə başladı. 1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan “Maarif” (cəmi 2 nömrəsi çıxmışdır) və “Qırmızı günəş” (sonra Qızıl cavanlıq 343), 1923-cü ildən çıxan “Gənc pioner”, 1927-ci ildən çıxan “Pioner” jurnalları, “Azərbaycan pioneri” qəzeti və s. mətbuat orqanları yeni nəslin tərbiyə olunmasında mühüm rol oynayırdılar.
Bir çox ölkələri bürüyən yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşları hesab edilən “Səhər” qəzeti 1989-cu ilin 4 avqust tarixində və “Azadlıq” qəzeti 1989-cu ilin 24 dekabr tarixində işıq üzü gördülər. “Səhər”ə tanınmış jurnalist Məzahir Süleymanzadə, “Azadlıq” a tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edirdilər.
1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbuat orqanı-qəzet və jurnal fəaliyyət göstərir. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq, saflaşacaqdır. Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqan Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib.
Böyüklüyü və kiçikliyindən asılı olmayaraq, dünyanın bütün xalqları gec-tez öz tarixinə iftixarla yazır: filan vaxtda bizdə ilk məktəb açılmışdır… Birinci qəzet, birinci jurnal, birinci çap kitabı nəşr edilmişdir…
Cəmisi üç-dörd sözlə ifadə olunan bu tarixi həqiqətlərdən hər birinin həmin xalqın həyatında necə mühüm yenilik yaratdığını, onun tərəqqi və yüksəlişi üçün necə əhəmiyyətli olduğunu yalnız o xalqı yaxşı tanıyanlar yaxşı başa düşə bilərlər.
Hər hansı bir xalqın öz ana dilində ilk qəzeti oxumasına gəldikdə, şübhəsiz, bu da həmişə hər yerdə əlamətdar hadisə olur. Öz dövri mətbuatını Avropa XVI əsrdə, Rusiya isə XVIII əsrin ilk illərində yaratdığı halda, Azərbaycan buna ancaq 1875-ci ildə nail olmuşdur; yəni feodal mütləqiyyəti və orta əsr geriliyinin ucbatından “Əkinçi”nin mənsub olduğu xalqın intizarı çox uzun çəkmişdir.
1875-ci ildən Azərbaycan mətbuatına nur ələyən o nəhəng günəş səmamızı daim nurlandıracaq, xaqı maarifləndirəcək.
AYNUR TURAN
Subyekt.az