![]()
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezidentin Xankəndi şəhəri, Ağdərə, Xocalı rayonları üzrə Xüsusi Nümayəndəsi Elçin Yusubov ötən həftə vəzifəsindən çıxarıldı. Dünən isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib.

Yayılan xəbərlərə və sosial şəbəkələrdə vətəndaşların yazdıqlarına görə vəzifəsi birbaşa vətəndaşlarla, sahibkarlarla işləməyi tələb edən bu şəxslə görüşmək qeyri-mümkün bir hala dönübmüş. Leysan Məmmədovun bir PHŞ rəhbəri olsa da, özünü nazirdən yuxarı sandığı adı çəkilən rayonlarda fəaliyyət göstərən və iş qurmaq istəyən sahibkarları belə, saya salmadığı barədə mediada indiyə qədər çoxsaylı xəbər yayılıb. Onun sakinlərlə kobud davrandığı və rüşvətsiz heç bir işə xeyir-dua vermədiyi də indiyə qədər zaman-zaman yayılan məlumatlardan olub.
Elçin Yusubovun və Leysan Məmmədovun vəzifələrindən Xankəndi, Xocalı, Ağdərə, Ağdam, Füzuli, Xocavənd sakinlərində və bu rayonlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarında yeni rəhbərliyin daha əlçatan olacağı və bölgədəki sahibkarlar üçün uyğun şərtləri təmin edəcəyi ümidini yaradıb.
Baş verənləri yalnız iki məmurun vəzifədən çıxarılması kimi qiymətləndirmək düzgün olmazdı. Bu prosesə işğaldan azad edilmiş bütün ərazilərdə dövlət idarəetməsinin təkmilləşdirilməsi zərurəti prizmasından yanaşmaq lazımdır.
Qısa müddət ərzində Qarabağda mühüm vəzifələr tutan iki şəxsin vəzifələrindən azad edilməsi həmin ərazilərdə idarəetmənin keyfiyyəti, məmurların məsuliyyəti və vətəndaşlarla münasibətləri məsələsini yenidən gündəmə gətirib. Hər iki kadr dəyişikliyi Qarabağda dövlət idarəçiliyinin necə qurulması, məmurların vəzifə səlahiyyətlərindən necə istifadə etməsi və bölgədə fəaliyyət göstərən sahibkarların hansı şəraitlə qarşılaşması məsələlərinə diqqəti artırır.

Prezident dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinin əsas vəzifələrindən biri həmin ərazilərdə yaşayışın və iqtisadi fəaliyyətin bərpasına töhfə verməkdir. Bu prosesdə onların üzərinə digər bölgələrdəki məmurlarla müqayisədə daha böyük məsuliyyət düşür. Çünki söhbət sadəcə inzibati ərazilərin idarə edilməsindən getmir. Söhbət onilliklər ərzində doğma yurdlarından didərgin düşmüş insanların geri qayıdışından, onların sosial problemlərinin həllindən, yeni iş yerlərinin yaradılmasından, sahibkarlığın inkişafından və Qarabağın iqtisadi potensialının reallaşdırılmasından gedir. Belə bir şəraitdə vəzifəli şəxsin vətəndaşlar üçün əlçatan olmaması, sahibkarların problemlərinə laqeyd yanaşması, bürokratik maneələr yaratması qəbuledilməzdir.
Əgər vətəndaş doğma yurduna qayıdaraq orada biznes qurmaq, istehsal müəssisəsi açmaq, xidmət sahəsi yaratmaq istəyirsə, dövlət qurumları onun qarşısında maneə deyil, imkan yaratmalıdır.
Xüsusilə Qarabağda sahibkarlığın inkişafı dövlətin strateji hədəflərindən biridir. Dövlət büdcəsindən milyardlarla vəsaitin ayrıldığı, böyük infrastruktur layihələrinin həyata keçirildiyi bir vaxtda sahibkarların inzibati maneələrlə üzləşməsi ümumi inkişaf strategiyasına ziddir. Kim bu strategiyaya maneə olacaqsa dövlət tərəfindən cəzalandırılacağı şəksizdir.
Etibar Seyidağa
Subyekt.az