Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir.
Subyekt.az “APA-Economics”-ə istinadən xəbər verir ki, burada sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır:
- aşağı həddə icarə haqqı tətbiq edilir;
- dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur.
İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.
Sənaye zonalarının avtomobil və dəmir yolu qovşaqlarının üzərində yerləşməsi yüklərin asan daşınmasına imkan verir. Rezidentlər bu imkanlardan istifadə edərək:
- investisiya xərclərinə qənaət edir;
- məhsulun maya dəyərini aşağı sala bilirlər.
Bundan əlavə, sənaye parklarında:
- idarəetmə ilə bağlı məsləhət;
- sənaye üzrə ixtisaslı kadrların hazırlanması
- və digər dövlət dəstəyi tədbirləri təşkil olunur.
Ölkənin digər yerlərində fəaliyyət göstərən sənaye parklarından fərqli olaraq, işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında kommunal, xammal, sosial sahələri əhatə edən əlavə güzəştlər paketi təklif edilir.
İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər bunlardır:
- Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
- Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib.
- Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır.
- Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20%-i məbləğində maliyyə yardımı ödənilir.
- Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
- Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi (https://edf.gov.az) üzərindən “Elektron kredit və zəmanət” informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər.
İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə
- əlavə məzuniyyət verilir;
- onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır.
Tezliklə Ağdam Sənaye Parkında tikinti materiallarının, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, müxtəlif metal məmulatlarının, həmçinin ayaqqabı və s. məhsulların istehsalı müəssisələri istehsal fəaliyyətinə başlayacaq. Yaradıldığı vaxtdan 3 ildən az keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci sənaye parkına çevrilib. “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən texnikalara xidmət üzrə layihələr həyata keçirilməkdədir, logistika və avadanlıq layihələrinin isə icrası gözlənilir.
Şükran Məmmədov
Subyekt.az