![]()
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə həmin Xidmətin bəzi vəzifəli şəxslərinin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş belə hüquqpozmalara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Bununla bağlı Xidmətdən daxil olmuş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi də təmin olunacaqdır.
Subyekt.az