![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiya Respublikasına rəsmi səfəri başlayıb. Dövlət başçısını Bratislavanın Milan Ştefanik adına Beynəlxalq Aeroportunda Slovakiya rəsmiləri, eləcə də təntənəli şəkildə düzülmüş fəxri qarovul dəstəsi qarşılayıb.
Səfər iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən siyasi dialoqun davamı kimi qiymətləndirilir. Prezident İlham Əliyevin Slovakiyaya səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi, strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, enerji, iqtisadiyyat, müdafiə, nəqliyyat və innovasiya sahələrində geniş müzakirələrin aparılması nəzərdə tutulur.
Tərəflər, həmçinin Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı çərçivəsində Slovakiyanın rolunu, regional təhlükəsizlik məsələlərini, eləcə də Avropanın enerji təchizatının şaxələndirilməsi istiqamətində yeni əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
Səfərin proqramına rəsmi qarşılanma mərasimi, təkbətək və geniş tərkibdə danışıqlar, sənədlərin imzalanması, həmçinin birgə bəyanatların verilməsi daxildir.
Rəsmi səfər Azərbaycan və Slovakiya arasında strateji tərəfdaşlığın dərinləşməsinə mühüm töhfə verməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.



Subyekt.az