![]()
Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli ilə görüş keçirib.
Tərəflər iki ölkə və türk dünyasında elm sahəsində əməkdaşlığı müzakirə ediblər. İ.Həbibbəyli Qazaxıstan Respublikasının Prezidentinin yanında Milli Elmlər Akademiyası ilə əməkdaşlığın gücləndirilməsinə hazır olduğunu bildirib.
Görüş zamanı Səfir A.Bayel bu ilin may ayında keçirilən “Qızıl Orda çöl sivilizasiyasının modeli kimi: tarix, arxeologiya, mədəniyyət, kimlik” mövzusunda beynəlxalq simpozium barədə məlumat verib və azərbaycanlı alimlərə bu tədbirdə iştiraka görə təşəkkürünü bildirib. Simpoziumda çıxış edən Prezident Kasım-Jomart Tokayev bir sıra mühüm bəyanatlar səsləndirərək Qazaxıstanın Qızıl Ordanın varisi olduğunu vurğulayıb və bu tarixi dövlətin irsinin hərtərəfli öyrənilməsinə çağırış edib.
Bu kontekstdə diplomat Qazaxıstanın Milli Elmlər Akademiyasının çöl sivilizasiyasının tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiumun həmtəsisçisi olmaq barədə dəvətini həmsöhbətinə çatdırıb.
İsa Həbibbəyli bu təşəbbüsün vaxtında irəli sürüldüyünü və tarixi əhəmiyyət daşıdığını yüksək qiymətləndirib. O bildirib ki, Azərbaycanın Milli Elmlər Akademiyası beynəlxalq konsorsiumun üzvü olacaq və onun fəaliyyətində fəal iştirak edəcək.
Konsorsiumun strateji məqsədi Avrasiyada dövlətçiliyin, diplomatiyanın, hüququn, eləcə də iqtisadi, mədəniyyətlərarası və dil əlaqələrinin inkişafının mühüm elementi kimi çöl sivilizasiyasının tarixinin, intellektual və mənəvi ənənələrinin öyrənilməsi üzrə beynəlxalq tədqiqat platformasının formalaşdırılmasıdır.

Subyekt.az