![FB_IMG_1716577216246](https://subyekt.az/wp-content/uploads/2024/05/FB_IMG_1716577216246-1024x683.jpg)
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmiziin coğrafi mövqeyindən məharətlə istifadə edərək mərkəzi asiyadan tutmuş uzaq şərqə qədər iqtisadiyyatımızı gücıəndirəcək bütün yolları Aərbaycandan salmışdır.
2024-cü il may ayının 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etmişdir. Ölkə başçısı Sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verildiyini diqqətə çatdıraraq qeyd etdi ki, bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Eyni zamanda, Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir. Bundan başqa, nəqliyyat sektoru əməkdaşlığımızın mərkəzindədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir. Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri də birgə fəaliyyətinin ən mühüm amilidir.
Qeyd edək ki, cari ilin 23 may tarixində Azərbaycan-Tacikistan sənədləri imzalanmışdır:
“Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”;
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”.
Azərbaycan-Tacikistan əlaqələrinin mühüm faktları da ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin aydın təzahürüdür:
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir;
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb;
Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər edib;
Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur;
Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb;
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib;
Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır;
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Prezident İlham Əliyevin Bəyanatı ilə tanış olduqda aydın olur ki,son 20 ildə Azərbaycanda həyata keçirilmiş böyük layihələrin mərkəzində Azərbaycanın coğrafi mövqeyindən yararlanaraq ölkəmizin iqtisadiyyatını gücləndirə biləcək vacib layihələr diqqəti cəlb edir.
Bunların arasında Şərqdən-Qərbə və Şimaldan-Cənuba yaradılmış logistik dəhlizlər Azərbaycan iqtisadiyyatına güclü təkan verəcək və bu dəhlizlər ətrafı boyunca yaradılacaq saysız-hesabsız ticarət, müxtəlif xidmət obyektləri və hətta texniki sənaye qurğuları Azərbaycan əhalisinin iqtisadi imkanlarını artırmağa və rifahını yaxşılaşdırmağa xidmət edəcək.
Bunlar hamısı Azərbaycan xalqının rifahı və ölkəmizin davamlı inkişafı üçün cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi böyük işlərin bir qismidir.
Vüqar Əhmədov
Zəngilan Rayon İcra Hakimiyyətinin əməkdaşı
Subyekt.az