
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100
Tarixdə elə şəxsiyyətlər var ki, illər, qərinələr ötdükcə haqqında əfsanələr yaranır, söz ustaları onların barəsində dastanlar yaradır, bəstəkarlar mahnılar bəstələyir. İkinci Dünya müharibəsinin əfsanəvi qəhrəmanı Hitler qoşunlarına qarşı vuruşlarında yüksək sərkərdəlik məharəti göstərərək
Azərbaycanımızın tarixinə şərəfli səhifələr yazmış general Həzi Aslanov belə nadir şəxsiyyətlərdəndir.
Bəşər tarixində 50 milyondan çox insanın həyatına son qoyan İkinci Dünya müharibəsi, tarixdə ən qanlı savaşlardan biri olub
Faşizmə qarşı mübarizə aparan yüzlərlə qəhrəman yetişdirmişdir. Azərbaycan xalqı da bu savaşda cəbhəyə 600 mindən çox oğul və qızını yola salmışdır. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Göstərdikləri igidliyə görə isə 42 azərbaycanlı isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilmişdir. Onların arasında Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalarının ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov olmuşdur. Azərbaycan torpağının şanlı övladı, tank qoşunları general-mayoru Həzi Aslanov isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuşdur.
2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayoru, 8-ci çağırış Bakı Sovetinin üzvü olan, 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilmiş, İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıcılıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışmış qəhrəmanımız.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində kərpic zavodunda işləyən zəhmətkeş Əhəd Aslanovun ailəsində anadan olub. İbtidai təhsilini şəhərin 1 saylı orta məktəbində alan Həzi 13 yaşında atasını itirir və atasının işlədiyi zavodda özüdə fəhlə kimi işləməyə başlayır. Burada gənc yaşlarından zəhmətə alışan Həzi daha çox oxuyub, öyrənməyə çalışır. O, zavoddan 1924-cü il sentyabrın 15-də komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilir və həmin il oktyabr ayının 1-dən başlayaraq 1 nömrəli Zaqafqaziya hərbi hazırlıq məktəbində təhsil almağa başlayır. 1926-1927-ci illərdə məktəb gənclər təşkilatının katibi olur. 1929-cu ilin mayında hərbi hazırlıq məktəbini uğurla bitirən Həzi Aslanov avqust ayında Zaqafqaziya Hərbi Dairəsi hərbi şurasının əmri ilə Leninqrada Borisoqlebski-Leninqrad süvari məktəbinə təhsil almağa göndərilir. Məktəbin rəhbərliyi burada Həzini 231-ci əmrlə dərhal kursantlığa qəbul edir. 1931-ci ilin iyununda Həzi Aslanov uğurla buraxılış imtahanını verir və vzvod komandiri rütbəsini qazanır. Aldığı rütbəyə uyğun olaraq Ukrayna şəhərlərindən birinə yerləşən Kotovski adına III Bessarabiya süvari diviziyası 15-ci süvari alayında vzvod komandirliyinə təyin olunur.
20-ci illərin sonu-30-cu illərin əvvəllərində yeni yaradılmış qoşun növləri, xüsusən zirehli-tank və mexanikləşdirilmiş qoşun bölmələrinə başçılıq etmək üçün mütəxəssislərə böyük tələbat duyulduğuna görə, 12-ci avtozirehli-tank divizionunun komandir heyətini təkmilləşdirmək üçün Həzi Aslanovu ən yaxşı komandirlərdən biri kimi zirehli-tank kurslarına göndərirlər. Burada çox qısa müddətə – cəmi bir aya mürəkkəb zirehli-tank texnikasını mənimsəmək, yeni qoşun növünə komandirlik etməyi öyrənmək lazım idi. Bir aya kursu bitirən general Həzi Aslanov Xarkov avtotraktor emalatxanasına vzvod komandiri təyin edilir. Burada o, 1933-cü ilin mayınadək işləyir. Bununla yanaşı Aslanov burada könüllü sürətdə T-26 və digər kiçik tankları haqqında da öyrənir. 1933-cü ilin iyununda isə
2-ci atıcı diviziyasının xüsusi tank rotasına vzvod komandiri təyin edilir. Daha sonra 60-cı atıcı diviziyanın xüsusi tank batalyonuna keçirilir və burada baş leytenant, tank rotası komandiri kimi 1938-ci ilin fevralınadək çalışır. 1938-ci ilin martında isə o, 60 – cı atıcı diviziyanın xüsusi tank batalyonu məktəbinə əvvəl rəis əvəzi, sonra isə rəis təyin edilir. Daha sonra may ayında Kiyevdəki 3-cü avtonəqliyyat alayının 5-ci batalayonuna təlim-hazırlıq üzrə komandir müavini göndərilir. 1939-cu ilin əvvəlində Həzi Aslanov Kiyev Hərbi Dairəsində yeni yaradılan 4-cü mexanikləşdirilmiş korpusa daxil edilən
10-cu tank diviziyası 10-cu atıcı alayının avtonəqliyyat batalyonuna komandir əvəzi, bir az sonra isə komandir təyin edilir və kapitan rütbəsi alır.
İkinci dünya müharibəsi başlananda Ukraynada xidmət edən Həzi 1939-cu ilin sonunda Finlandiya ilə başlayan hərbi münaqişəylə əlaqədar Kareliyaya göndərilir. Əməliyyatlarda tankçılarla birgə Mannerheym səddini keçməkdə və digər döyüş əməliyyatlarında iştirak edir və Sovet qoşunlarının münaqişədə qələbəsinə kömək olur. Elə bu qələbədən sonra da mart ayının 12-si 1940-cı ildə Aslanov əvvəlki vəzifəsinə – Zoloçev şəhərinə, 10-cu atıcı alayın avtonəqliyyat batalyonunun komandirliyinə qaytarılır. 1940-cı ilin noyabrında isə ona mayor rütbəsi verilir. 1941-ci il iyunun 23-nə keçən gecədə isə alman zirehli qoşunları ilə döyüşdə Həzi öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edir və onu ağır tələfata uğradır. 1941-ci il avqustun əvvəlində tank batalyonu komandirlərindən biri sıradan çıxanda Həzi Aslanov 10-cu tank diviziyası komandirinin əmri ilə onun yerinə keçirilir.
Avqustun ortalarında 10-cu tank diviziyası 6-cı ordunun tərkibinə keçirildikdən sonra almanlar Ukrayna paytaxtına daxil olmağa cəhd edirlər. Bu zaman Həzi Aslanovun rəhbərliyi ilə 20-ci tank alayı 10-cu tank diviziyasının tərkibində Şostka, Baxmaç, Piryatin rayonlarında düşmənin tank hissələri ilə qanlı döyüşlər aparır. Bu döyüşlərdə Həzi sağ ayağından güllə yarası alır, bir dəfə isə qəlpə ilə başından ağır yaralanır. Müdafiədə batalyonun tankları tamam sıradan çıxandan sonra Həzini cəbhədən ehtiyat alaya çağırırlar. 1941-ci il sentyabrın əvvəllərində Həzi təzədən əvvəlki 10-cu atıcı alaya komandirin texniki hissə üzrə müavini təyin edirlər. Bu vəzifədə olarkən o, Piryatin, Axtırka, Boquduxov, Xarkov rayonlarında döyüşür. 1941-ci ilin sonu, 1942-ci ilin əvvəllərində isə Rostov-Don vilayətində, Moskva ətrafında, Tixvin və Leninqrad istiqamətlərində düşmən birləşmələrinə sarsıdıcı zərbələr vurulmasında iştirak edir. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının
tankçıları düşmənə ağır zərbələr endirir, vuruşa-vuruşa
40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutur, almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum edirlər. Bu döyüşlərdə generalın rəhbərlik etdiyi tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxardığına görə ilk döyüş təltifini – “Qırmızı ulduz” ordenini alır. Kotelnikovo yaxınlığında gedən döyüşlərdə də Həzinin döyüşçüləri böyük şücaət göstərirlər. Düşmənin 30 əks-hücumunu dəf edirlər. Bir batalyon piyada qoşunu, 30 tankını, 50 avtomobilini sıradan çıxardırlar. Elə Bu döyüşdə göstərdiyi şücaətinə görədə podpolkovnik H.Aslanov 1942-ci il
22 dekabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. Həzi Aslanovun da olduğu koprus 3-cü Stalinqrad qvardiya korpusu adına, korpusun tərkibindəki bütün hissələr isə qvardiya titulu ilə mükafatlandırılır və onlara yeni nömrələr verilir. Həzi Aslanovun 55-ci tank alayı isə 41-ci əlahiddə tank alayı adlandırılır.
Azərbaycanın kino-sənədlər arxivindəki 1942-ci ilin kinokadrları əsasında çəkilmiş “Ordenli Azərbaycan”, “1944-cü ildə Vilnüs şəhərinin azadlığı uğrunda”, 1970-ci ildə yaradılmış “General Həzi Aslanov” kinooçerkinə, rejissor Rasim İsmayılovun çəkdiyi “Sizi dünyalar qədər sevirdim” kinossenarisinə həyəcansız baxmaq mümkün deyil. Bu kadrlar çox qiymətlidir. Burada olan kadrlar hər birimizə əziz və doğmadır. Çünki həmişəyaşar qəhrəman Həzi Aslanovun surətini gözlərimiz önündə olduğu kimi canlandırır. 1942-ci ilin bu kadrlarında biz Həzinin böyük peşəkarlıqla döyüşə rəhbərlik etdiyinin şahidi oluruq. Yubilyara həsr edilmiş bu filmlərə kitabxanada baxış keçirə bilərik. Filmə baxış daha maraqla izlənildiyində uşaqlarda qəhrəmanı tanımağa çox şərait yaracaq. Filmin təsiri altında onlarda qəhrəmana bənzəmək istəyəcəklər.
O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını dəf edir, düşmən dəstələrini ağır tələfata uğradır. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə “Qırmızı Ulduz ordeni”nə layiq görülür. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 29 dekabr 1942-ci ildə “Bakinskiy raboçiy” qəzetində Həzinin bu yüksək ada layiq görülməsi haqqında anasına ünvanladığı məktubu çap edilmişdir. Məktubda deyilirdi: “Əziz ana! Bu gün mənim üçün böyük bayramdır. Mənə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi xəbərini aldım. Alman işğalçılarını məhv etməklə bu yüksək adı fəxrlə daşımağa söz verirəm. Məndən bizim yerlilərə atəşli salam söylə. Qoy arxa cəbhəni daha da möhkəmləndirsinlər. Sənin oğlun Həzi”.
Berezina şəhərini ilk dəfə düşməndən təmizlədiklərinə görə ordu komandanlığının tapşırığını vaxtında yerinə yetirdiyinə görə 35-ci tank qvardiyası 8 dəfə Ali Baş Komandanlığın təşəkkürnaməsinə layiq görülür, komandiri general Həzi Aslanov sərkərdə mükafatı II dərəcəli Suvorov ordeni ilə təltif edilir.
Cəbhədə Həzi Aslanovun qəhrəmanlığı, sərkərdəlik qabiliyyəti Vətən müharibəsi cəbhələrində vuruşan sovet döyüşçülərinin, xüsusi ilə Azərbaycan oğullarını yeni-yeni igidliklərə ruhlandırır. Azərbaycan xalqının igid oğlu döyüş meydanında həlak oldusa da, xalqın qəlbində əbədi yaşayacaq, heç vaxt unudulmayacaq.
Aynur Turan
Subyekt.az