“Azərbaycan distant (onlayn) təhsil vergi təşviqi yolu ilə stimullaşdırılmalıdır”. Bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. “İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) bu il 10 min nəfər, gələn il isə 200 min nəfər üçün qısamüddətli onlayn təlim təşkil edəcək. Bu kurslar ölkədə insan kapitalının formalaşmasına, məşğulluğun artırılmasına dəstəkdir. Biz bunu stimullaşdırmalıyıq. Onlayn təhsil alan insanların vergi yükünün azaldılması vacibdir. Bununla distant təhsilin genişlənməsinə şərait yarada bilərik”, – deyə o qeyd edib. Subyekt.az bildirir ki, məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda distant təhsil məsələsi geniş müzakirələrə səbəb olub: “Milli Məclis bu məsələ ilə bağlı müzakirələrə başlayıb. Bu yaxınlarda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da mətbuata açıqlamasında distant təhsilin Azərbaycan üçün əhəmiyyətli olduğunu, yaxın günlərdə parlamentdə məsələ ilə bağlı qərar qəbul olunacağını bildirib. Ümumiyyətlə, dünya təhsil sisteminə inteqrasiya etmişiksə, distant təhsil də bizim üçün vacibdir. Azərbaycanda çox sayda distant təhsil alan, lakin diplomunu təsdiqlədə bilməyən vətəndaşlar var. Onlar da ölkədə distant təhsilə keçidi gözləyirlər”. Ekspert qeyd edib ki, pandemiya dövründəki təcrübə Azərbaybaycanda müəllimlərin də, şagirdlərin də distant təhsilə hazır olduğunu göstərib: “Həmin dövr üçün kifayət qədər yaxşı nəticə göstərən onlayn sistem quruldu. Düşünürəm ki, distant təhsilin tanınması üçün bu, kifayət qədər əsaslıdır”.
Subyekt.az