
Hər hansı ölkə ilə işgüzar, iqtisadi münasibətlər qurmazdan əvvəl onun hansı dəyərlərə sahib olduğunu anlamağa çalışırsan. Maddi dəyərlərini araşdırmazdan əvvəl həmin ölkənin milli-mənəvi dəyərlərini qiymətləndirirsən. Hər dəfə də əmin olursan ki, maddi dəyərlər yalnız tutarlı, zəngin ənənəli milli-mənəvi dəyərlər mövcud olduğu halda mümkündür. Əsrlər boyunca Azərbaycanın müdrik oğulları qeyri-maddi, mənəvi dəyərlərin yaradılması üçün yorulmadan, əzmlə çalışıb. Bu gün müasir cəmiyyəti mətbuatsız, mədəniyyətsiz, təhsilsiz, iqtisadi və siyasi nailiyyətlər olmadan təsəvvür etmirik. İstər mədəni, istər işgüzar münasibətlərin qurulmasında biz o ənənələrə söykənirik. Arxalandığımız bu kimi keyfiyyətləri qorumaq, onların təbliğ olunmasını, unudulmamasını təmin etmək bizim vətəndaş borcumuzdur. Vaxtılə milli dəyərlər yaradanlar indi artıq özləri Azərbaycanın milli dəyərinə çevrilib. Hesab edirəm ki, ölkənin maddi dəyərlərinin yaradılmasında iştirak edənlər hər şeydən əvvəl milli dəyərləri yaradan insanları xatırlamalı, onların tanıdılmasına və təbliğ olunmasına dəstək göstərməlidir. Onlar sübut etdi ki, maddi dəyərlər tükənə bilər, mənəvi dəyərlər isə əsla! Xoşbəxtlikdən bu tendensiya ölkə rəhbərliyi tərəfindən hər zaman önə çəkilir və aşılanır. Dahi şəxsiyyət H.Zərdabi Azərbaycan xalqının ilk ali təhsilli müəllimi, milli teatrın və milli mətbuatın qurucusu, xeyriyyə cəmiyyətinin banisi, millətin mənəvi atası, ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas alimi kimi yaddaşlarda həkk olacaq.
H.Zərdabi (Məlikov) 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İlk təhsilini mollaxanada almış, sonra Şamaxı şəhər məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə imtahansız daxil olmuş, dörd il sonra həmin universitetin təbiət-riyaziyyat fakültəsini bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir. Lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləmiş, daha sonra 1869-cu ildə Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başlamışdır. O, Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. O, zəhmətkeş kütlələrin xoşbəxtlik və tərəqqisini elmdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Zərdabi geniş ictimai fəaliyyət göstərmiş, N.Nərimanov ilə birlikdə 1906-cı ildə Azərbaycan müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayının işində yaxından iştirak etmişdir. Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük kömək göstərmişdir. Gündəlik həyatında və işində xalqla sıx bağlı olmuş, asudə vaxtlarını xalq arasında keçirmiş, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirmişdir. Ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etmişdir. Bununla əlaqədar o İstanbuldan hürufat gətirtdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. “Əkinçi” qəzetində N.Vəzirovun, Ə.Goraninin Moskvadan, M. Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, S. Ə.Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun “Vəkili-naməlumi millət” imzası ilə məqalələri dərc olunmuşdur. H.Zərdabinin yaratdığı qəzetin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdur. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi. İlk mətbu orqan kimi “Əkinçi” öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Təbii ki, bu cür demokratik fikirlərdən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi” nin üzərinə hucuma keçdilər. 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.
1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
H.Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin 1,4,8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il “Kaspi” qəzetinin 172-ci sayında tоrpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermişdir, tоrpağın xışla deyil, kоtanla şumlanmasını təklif etmişdir. Həyatının son illərində H.Zərdabi Bakı Şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq etmişdir. Gərgin elmi fəaliyyətlə məşğul olan Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic olmuş və 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalmışdır. 1957-ci ildə H.Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycan Təbiət Tarixi Muzeyi H.Zərdabinin adını daşıyır.
Azərbaycan xalqının mədəniyyət tarixinə görkəmli şəxsiyyət kimi daxil olan H. Zərdabi 40 ildən artıq bir dövr ərzində öz xalqının səadəti və tərəqqisi uğrunda yorulmaq bilmədən əzmlə mübarizə aparmışdır. Həyatının mənasını xalqın səadəti uğrunda mübarizədə görən Zərdabi zəngin və çoxcəhətli həyat yolu keçmişdir. Bu böyük mübariz elm fədaisi öz qarşısında Azərbaycan xalqını cəhalət və avamlıqdan xilas etmək kimi nəcib bir məqsəd qoymuşdu və bunun üçün maarifi əsas vasitə seçmişdi. Mövhumat və orta əsr geriliyinin hökm sürdüyü, xalqımızın çəhalət və zülmət içərisində boğulduğu bir dövrdə Zərdabi ilk maarif məşəlini yandıranlardan biri olmuş və ömrünün axırınadək bu məşəli əlindən yerə qoymamışdır. “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”-deyən Zərdabinin bütün həyatı xalqın maariflənməsi işi ilə bağlı olmuşdur. O, haqlı olaraq, Azərbaycanda ana dilində təhsilin, qadın təhsilinin Azərbaycan teatrı və mətbuatının banisi hesab edilir. “Əkinçi” qəzetinin nəşri xalqımızın mədəni tərəqqisində irəliyə doğru atılan mühüm bir addım idi. Zərdabi qəzetin vəzifələrindən bəhs edərək, onun ilk nömrələrində yazmışdır: “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. Yəni o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün.” “Əkinçi” qəzeti öz nəşri illərində bu vəzifələri layiqincə yerinə yetirmişdir. H.Zərdabi öz vətənini, öz xalqını tükənməz bir məhəbbətlə sevən içtimai xadim idi. O, bütün ziyalıların, həqiqi vətənpərvərlərin əsas vəzifəsini xalqı qəflət yuxusundan oyatmaqda, elmi, maarifi xalq arasında geniş yaymaqda görürdü. O, gənclərə müraciət edərək onları vətəninin, xalqın səadəti və maariflənməsi uğrunda mübarizə aparmağa və bu işdə heç kəsdən qorxmamağa, hər cür çətinliyə sinə gərməyə çağırırdı. Vətənpərvərlik ideyaları Zərdabinin əsərlərinin ana xəttini təşkil edir. O, xalqın, vətənin səadəti uğrunda mübarizəni ən yüksək əxlaqi vəzifə səviyyəsinə qaldırmış və onu əxlaqi hərəkətinin meyarı kimi qiymətləndirmişdir. Onun nəzərində vətənini, xalqını, ürəkdən sevməyən, vətənin tərəqqisi ilə maraqlanmayan adamları, sözün əsil mənasında insan hesab etmək olmaz. Eyni zamanda Zərdabinin əsərlərində vətənpərvərlik sadəcə olaraq vətəni və xalqı sevməklə məhdud edilmir. Zərdabinin vətənpərvərliyi mücərrəd vətənpərvərlik olmayıb, əməli fəaliyyətlə bilavasitə bağlı olan vətənpərvərlikdir. H.Zərdabi məqaləsində yazırdı: “Ey müsəlmanlar, mürvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə təhsil etməyə belə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə fayiq gəlsinlər, amma bizlər: allahdan buyruq, ağzıma quyruq”- deyib duraq! Ey müsəlmanların millət təəccübü çəkən kəsləri! Bir açız gözünüzü, dünyaya tamaşa edin…”
H.Zərdabi bizim üçün kimdir?.. XIX əsrin böyük azərbaycanlısı. “Əkinçi” qəzetinin adı təsadüfi seçilməmişdi. Bu adın yalnız qəzetin aqrar istiqamətini müəyyənləşdirdiyini düşünmək sadəlövhlük olardı. “Əkinçi” sözünün altında böyük rəmzi məna, geniş və əhatəli fəaliyyət proqramı gizlənirdi. Təkçə Azərbaycan kəndlisini daha yaxşı, daha səmərəli işləməyə öyrətmək yox, həm də onun ürəyinə, şüuruna maarif toxumu səpmək lazım idi. Təkcə “süddən yağ qayırmağı” öyrətmək yox, həm də bir millət kimi birləşə bilmək təcrübəsini aşılamaq lazım idi. Bir sözlə, maarif, mədəniyyət əkinçisi üçün ən böyük meydan şüurunu fanatizm, cəhalət və laqeyidliyin alaq otları basmış geniş kütlə idi. Zərdabi özü Azərbaycan mədəniyyəti tarixində belə bir Əkinçi oldu. Onun 1875-ci ildən başlayaraq səpdiyi maarif toxumları çüçərərək “Kəşkül” ü və “Şərqi-rus” u yaratdı, qanlı-qadalı 1905-ci ildə xalq üçün “Həyat” a və “İrşad”a çevrildi. “Molla Nəsrəddin” i ərsəyə gətirdi. “Füyuzat” oldu. Böyük əkinçi-Zərdabi hələ öz sağlığında yorulmaz fəaliyyətinin ilk bəhrələrini gördü. Onun fikirlərinin davamçısı olan azyaşlı, lakin cəsur, iradəli maarifpərvərlər ordusunun bir zamanlar təkbaşına başladığı işi necə əzəmətlə davam etdirdiyinin şahidi oldu. H.Zərdabi bütün həyatı və əməlləri ilə sübut etdi ki, tək əldən də səs çıxar, təki bu əl xalqa doğru uzanmış olsun!
Bunun ən parlaq nümunəsi məşhur “Molla Nəsrəddin” jurnalının və molla nəsrəddinçilərin “Əkinci” qəzeti və həmin qəzetin əsas müəllifləri ilə ideya-varislik əlaqəsidir. H. Zərdabi qəzetin bağlanması ərəfəsində haray çəkərək “Əkinci” işığının sönməkdə olduğunu bildirir və onun xilası üçün xalqdan imdad diləyirdi. Bu Həsən bəyin “Əkinci” qəzeti ilə bağlı son fəryadı idi.
Həsən bəyi yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb olunması, onların təhsilinə yardım göstərilməsi məsələsi hər zaman narahat edirdi. O, bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” də yaratmışdı.
Yeri gəlmişkən deməliyik ki, Həsən bəy hökumət idarələrində uzunmüddətli xidmətinə görə “Müqəddəs Anna” qızıl medalı ilə təltif olunmuşdu. Lakin onu heç zaman yaxasına taxmamışdı. Hətta Qafqazın sərdarı Bakıya gələndə xaç şəkilli medalı döşünə taxmamaq üçün özünü xəstəliyə vurmuşdu.
Həsən bəyin həyat yoldaşı Hənifə xanım 1925-ci ildə “Əkinçi” qəzetinin 50 illiyi ilə əlaqədar H.Zərdabinin bioqrafiyasını qələmə almışdır…
Qısa ömür yaşamış “Əkinçi” xalqımızın içtimai-siyasi həyatında, milli oyanış tarixində, mənəvi tərəqqisində parlaq, silinməz iz qoyub getdi. Zaman keçdikcə, bizi Zərdabidən ayıran vaxt artdıqca, bu böyük vətənpərvərin əzəməti daha aydın görünür. Böyük iftixar hissiylə deyə bilərəm ki, bu böyük maarif carçısının bütün arzu və idealları indi bizim ölkəmizdə yerinə yetirilmişdir. Onun milli mədəniyyətimizin xəzinəsinə dəyərli hədiyyə olan ideya irsi bu gün belə öz təravətini itirməmişdir. Azərbaycan müstəqillik qazanandan sonra, suverenliyini əldə etdikdən sonra xalqı Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Azərbaycanın möhtərəm prezidentinin Azərbaycan mətbuatına olan dərin diqqət və səyi böyük əhəmiyyət kəsb edir. Bununla diqqətimiz bir daha ona yönəlir ki, biz mütərəqqi tarixi keçmişimizi, elmi-fəlsəfi, ədəbi-bədii, mətbu dəyərlərimizi unutmuruq. Biz mənəvi inkişafımızın beşiyi başında durmuş maarifçi və elm adamlarını, eləcə də, H.Zərdabi kimi dahi mütəfəkkirlərimizi, maarifçilik hərəkatımızın bu cəsur “memarlarını” sevirik, onlarla fəxr edirik. Bir daha Ruhun şad olsun, ey millətin fədaisi, mənəvi atası, dahi Həsən bəy!
AYNUR TURAN
Subyekt.az