Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı “fəlsəfə” adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni-yeni əsərlər yaratdılar.Böyük Azərbaycan filosofu, təbiətşünas alimi, ictimai-siyasi xadim Siracəddin Urməvi orta əsrlərdə bəşər elmi-fəlsəfi fikrini zənginləşdirmiş dahi şəxsiyyətlərindəndir. Buna görə də Azərbaycan elminin böyük simaları xatırlananda, Şərq peripatetizmi məktəbinin görkəmli nümayəndəsi Siracəddin Urməvinin adını çəkmədən keçmək mümkün deyil. Böyük insan, müdrik və uzaqgörən təbiətşünas Siracəddin Urməvinin bu il 808 yaşı tamam olur. Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir. Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir.
Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir.
XIII əsrin türk tarixçisi İbn Bibi 1282-1285-ci illərdə qələmə aldığı “Ali işlərə dair Əlaəddin əmrləri” kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir.
Ən məşhur əsəri “Nurların doğuşları” dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan “Hikmət incəlikləri” 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib.
Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır.
Orta əsr Azərbaycan filosofları içərisində Siracəddin Urməvi (1198– 1288) özünəməxsus fikirləri ilə seçilir. Onun məntiqə, fəlsəfəyə və s. dair əsərləri məşhurdur. “Məntiqə və fəlsəfəyə dair Nurların doğuşları”, “Hikmət incəlikləri”, “Haqqın bəyanı”, “Metodlar”, “Ziddiyyətin misallarına dair traktatlar”, “Təhsil”, “Suallar” və s. əsərlər bu qəbildəndir. Onun kitabları içərisində ən çox yayılanı “Nurların doğuşları” əsəri olmuşdur. Urməvi “varlığı” onun əksi olan “yoxluq” anlayışı ilə qarşılıqlı götürmüşdür. O, bu anlayışları müxtəlif aspektdə nəzərdən keçirdikdən sonra üç cisimdə quruplaşdırmışdır: 1) vacib varlıq-qeyri-mümkün yoxluq; 2) vacib yoxluq-qeyri-mümkün varlıq və 3) mümkün varlıq-mümkün yoxluq. Peripatetik sələfləri kimi Siracəddin Urməvi göstərirdi ki, vacib varlıq sözü də iki qisimdir. “Biri özü-özlüyündə vacib varlıq, digəri isə başqasının sayəsində vacib varlıqdır. Özü-özlüyündə vacib varlıq odur ki, onun mahiyyəti (substratı) yoxluğu qəbul etmir, bəlkə onun varlığı elə onun öz mahiyyətindədir. Başqasının sayəsində vacib varlıq odur ki, onun mahiyyəti yox ola bilər, onun varlığı başqasındadır”.
Urməvi mövcudatda səbəbiyyətin obyektivliyini qəbul edir. Mövcud olan hər şey bir səbəbin nəticəsidir. Həmin səbəb də digər bir səbəblə nəticələnir. Bu, sonsuz davam edir. Filosofa görə, hərəkət on kateqoriyadan dördünə-kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verir. Astronomiya sahəsində maraqlı fikirlər söyləyən Urməvi dövrünün elmi nailiyyətlərinə yiyələndiyini sübut etmişdir. Onun insan orqanizmi haqqında da maraqlı fikirləri diqqəti cəlb edir.
İdrak nəzəriyyəsi, məntiq, etika və sosial- siyasi görüşləri də öz dövrünə görə mütərəqqi əhəmiyyət daşımışdır.
Siracəddin Urməvi “Nurların doğuşları” kitabında hərəkət, məkan və zaman kateqoriyalarından hər birinin izahına xüsusi fəsil ayırmışdır. O, hərəkət haqqında danışarkən yalnız Şərq alimlərinin deyil, habelə qədim filosofların, o cümlədən Zenon, Platon, Aristotel və başqalarının müvafiq fikirlərini gözdən keçirmiş, ən çox isə Birinci müəllimə əsaslanmışdır. Öz sələfləri kimi Siracəddin Urməvi hərəkətin on kateqoriyadan dördünə – kəmiyyət, keyfiyyət, məkan və vəziyyətə görə baş verdiyini yazırdı.
Böyük filosofun məntiqi Aristotelin və onun Şərqdəki davamçılarının təliminə əsaslanır. İdraki əhəmiyyət daşıyan məntiqin əsas qayəsi həqiqətə çatmaqdır. Filosof məlum biliklərə istinadən yeni biliklərə çatmağı mümkün saymışdır. Buradan yeni biliyin əldə edilməsində məntiqin vəzifəsi meydana çıxır: “Məlumlardan məchullara keçmək yollarını və onların şərtlərini öyrədən bir qanuna ehtiyac duyulur. Belə olduqda fikirdə yalnız nadir hallarda səhv baş verə bilər. Bu qanun məntiqdir”.
Siracəddin Urməvi insanlar arasındakı münasibətdə ədaləti hər şeydən, hətta şəriətin mühüm tərkib hissəsi sayılan, hər bir mömin bəndənin yerinə yetirəcəyi zəruri vəzifələri ifadə edən ibadətdən üstün tutmuşdur. Filosof: “Ədalətli sultanın bir günlük ədaləti altmış ilin ibadətindən yaxşıdır” kəlamını dönə-dönə işlətmişdir.
O, bir hüquqşünas alim və dövlət xadimi kimi ədalətin hüquq bərabərliyinə əsaslanmasına daha çox diqqət yetirmişdir. Alim yazırdı: “Beləliklə, ədalət odur ki, rəiyyəti bir-biri ilə hüquqca bərabər edir və özlərini də rəiyyətlə hüquqca bərabər tuturlar”.
Siracəddin Urməvi məşhur sufi şair, mövləvilik təriqətinin banisi Cəlaləddin Rumi (1207-1273) ilə yaxın dost olmuşdur. Konyada baş qazi işləyən Siracəddin Urməvi geniş biliyinə, fövqəladə zəkasına və yüksək mənəviyyatına görə Cəlaləddin Rumiyə hədsiz rəğbət bəsləmiş, onun azadfikirlilik meyllərinə qarşı çıxanlara haqq qazandırmamışdır. Əksinə, böyük nüfuza və ixtiyara malik alim həmişə Mövlananı qaragüruhdan qorumuşdur.
Siracəddin Urməvinin elmə və sənətə, haqqa və ədalətə, humanizmə və azadfikirlilik meyllərinə böyük əhəmiyyət verməyinin nəticəsidir ki, Cəlaləddin Rumi onu-Konya şəhərinin baş qazisini yaxşı adam kimi səciyyələndirib tərifləmişdir.
Aralarındakı ülvi səmimiyyətin və rəğbətin ifadəsi olaraq Cəlaləddin Rumi öləndə onun dəfn mərasimini ölkənin baş qazisi Siracəddin Urməvi aparmışdır.
XIII-XIV əsrlərdə müsəlman ölkələri xalqlarının fəlsəfi fikrində aparıcı qüvvə yenə də peripatetiklər idi. Fəlsəfİ fənlərin fəal təbliğatçılarından Mosulda İbn Yunus, Bağdadda Əbdüllətif Bağdadi, Dəməşqdə Şəmsəddin Xosrovşahi o dövrdə müsəlman Şərqi ölkələrində, o cümlədən Azərbaycanda peşəkar fılosofların yetişməsində böyük xidmət göstərmişlər.
Kəmaləddin Musa ibn Yunus (1156-1242) Mosulda atasından, Bağdadda Nizamiyyə mədrəsəsində Azərbaycan alimi Məhəmməd Hibbətulla oğlu Səlmasidən təhsil almış, tədris işləri və elmi yaradıcılıqla məşğul olmuşdur. İbn Yunus Əsirəddin Əbhəri, Siracəddin Urməvi, Nəsirəddin Tusi və dövrün digər təbiətşünas filosoflarının müəllimidir. Heç bir dini təəssübkeşliyə yol verməyən alimin məşğələlərində təkcə müsəlmanlar deyil, xristianlar və yəhudilər də iştirak edirmişlər. XIII-XIV əsrlərdə məntiq, metafizika və təbiiyyat məsələləri Nəcməddin Naxçıvani, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Nəsirəddin Tusi, Səfiəddin Hindi Urməvi və başqalarının yaradıcılığında geniş və dərindən işiqlandırılmışdır.
Siracəddin Urməvi 1283-cü ildə Konyada vəfat etmiş, orada Müsəlla qəbiristanlığında dəfn olunmuşdur.
Aynur Turan
Subyekt.az