“Azərbaycan COP29-çərçivəsində ölkələrin iqlim siyasətinin formalaşmasına mühüm töhfələr verdi” – DEPUTAT”Azərbaycan çox qısa müddətlik hazırlıq prosesindən sonra COP29-a yüksək səviyyədə ev sahibliyi etməyi bacardı. Bu ölkəmizin qlobal əhəmiyyətli tədbirləri təşkil etmək potensialının göstəricisi olmaqla yanaşı, Azərbaycanın liderlik qabiliyyətinin və beynəlxalq nüfuzunun nümayişi idi”.
Subyekt.az xəbər verir ki, Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, forum müddətində qlobal iqlim dəyişikliyi ilə mübarizə, karbon emisssiyasının azaldılması, yaşıl enerjiyə keçidin təşviqi, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə ölkələr arasında iqlim maliyyəsi və dəstəklə bağlı müzakirələrdə əhəmiyyətli razılaşmalar əldə olundu:
“Bu mənada, Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması xüsusi qeyd edilməlidir. COP29 çərçivəsində qəbul olunan ən vacib qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1.3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəliklərin razılaşdırılması oldu. Bakı Maliyyə Məqsədi COP28-də qəbul edilmiş 100 milyardlıq həddi artıraraq inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunması hədəflərini müəyyənləşdirdi. Bununla yanaşı digər vacib qərarlardan biri Paris sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi oldu. Bununla bağlı razılığın əldə olunması əsas prioritet məsələlərdən biri idi. Azərbaycan COP29-çərçivəsində planetimizin gələcəyini narahat edən problemləri qloballaşdırdı və ölkələrin iqlim siyasətinin formalaşmasına mühüm töhfələr verdi”.
#Azərbaycan #MilliMəclis #MillətVəkili #GünayAğamalı #COP29
Subyekt.az