![]()
Avropa Parlamentinin (AP) çərşənbə günü qəbul etdiyi hesabatda deyilir ki, Türkiyə cəmiyyətinin mühüm hissəsinin demokratik və avropapərəst istəklərinə baxmayaraq, Türkiyənin Avropa İttifaqına (Aİ) qəbulu prosesi indiki şəraitdə bərpa oluna bilməz. Subyekt.az xarici mediaya istinadən xəbər verir ki, hesabatın təsdiqinin lehinə 367 deputat, əleyhinə 74, bitərəf 188 deputat səs verib.
“Avropa Parlamenti deputatları Türkiyədə demokratik standartların davam edən pisləşməsindən və tənqidi səslərin amansızcasına basdırılmasından dərin narahatdırlar. Onlar son dinc kütləvi etirazların dağıdılmasını və yüzlərlə etirazçının cinayət əməlinə dair heç bir dəlil olmadan tələsik kütləvi məhkəmələr vasitəsilə mühakimə olunmasını pisləyirlər”, – AP-nin yekun iclasında bildirilib. Hesabata görə, “Türkiyə hökuməti Avropa İttifaqına daxil olmaq prosesində zəruri olan fundamental demokratik çatışmazlıqları aradan qaldıra bilməyib”.
Hesabatda deyilir ki, Aİ-yə üzvlük “demokratiya, qanunun aliliyi, insan haqları, azlıqlara hörmət və müdafiə, mehriban qonşuluq münasibətləri, beynəlxalq hüquqa hörmət və Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasətinə riayət edilməsini təmin edən sabit institutlar” kimi müəyyən üzvlük meyarlarına cavab vermək şərtidir. Hesabatda vurğulanır ki, Aİ-yə üzvlük meyarları müzakirə olunmur. Avropa Parlamenti Türkiyə hakimiyyətini, Aİ qurumlarını və üzv dövlətləri iqlim dəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi, terrorizmlə mübarizədə əməkdaşlıq və regional sabitliyə xüsusi diqqət yetirməklə daha sıx, daha dinamik və strateji tərəfdaşlıq istiqamətində işi davam etdirməyə çağırıb.
1999-cu ilin dekabrında Avropa Şurası Türkiyəni Aİ üzvlüyünə namizəd ölkə kimi tanıdı. 2005-ci ilin oktyabrında ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanılıb. 2018-ci ildə Aİ Şurası bu danışıqların dayandırıldığını bəyan edib. Şura sənədində deyilir: “Danışıqlar faktiki olaraq dalana dirənib”.
Subyekt.az