![]()
Çiçək Süleymanova
Uzun zamandır şəxsi paylaşımlar və geniş yazılar yazmır, daha çox qısa fikirlərlə kifayətlənirdim. Lakin bu gün mənim üçün xüsusi əhəmiyyət daşıyan bir gündür. Buna görə də illərdir etmək istədiyim paylaşımı nəhayət sizinlə bölüşmək qərarına gəldim. Hətta deyə bilərəm ki, bu yazını yazmaq üçün düz 8 il gözləmişəm.
Bu gün həyatımda çox böyük bir hadisə baş verdi. Bayram bayrama qarışdı… Eyni anda bir neçə sevinci yaşayırıq: Novruz bayramı, Ramazan bayramı və mənim üçün ən önəmlisi – fəlsəfə doktoru diplomumu aldım. Artıq rəsmi olaraq alim adını qazanmış və təhsilimin bütün pillələrini uğurla başa vurmuşam.
Türklər demişkən, “dilə asan – 8 il”. Amma bu illər ərzində yaşadıqlarımı bir cümləyə sığdırmaq mümkün deyil. Bu müddətə nəzər saldıqda, gözümün önündən saysız-hesabsız xatirələr keçir.
İlk növbədə, bu yolda mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Bu gün həm kövrəyəm, həm də qürurluyam. Kövrəyəm, çünki bu yola atamın arzusu ilə başlamışdım. 2018-ci ildə valideynlərimin istəyini gerçəkləşdirmək üçün ilk addımı atdım. Təəssüf ki, bu sevincli anımda onlar yanımda deyillər. Ümid edirəm ki, ruhları şaddır və məni görürlər.
Eyni zamanda qürurluyam. Çünki bu 8 il ərzində saysız çətinliklərlə üzləşdim, lakin heç vaxt geri çəkilmədim. Dəfələrlə yarımçıq qoymaq fikri yaransa da, bu gün həmin zəhmətin bəhrəsini görürəm.
Doktoranturaya qəbul olunduqdan sonra ilk elmi istiqamət seçimim dönüş nöqtəsi oldu. Mənə çətin və məsuliyyətli bir mövzu təklif edildi – hətta daha əvvəl başqa bir doktorantın imtina etdiyi bir mövzu. Bu isə məndə əksinə daha böyük motivasiya yaratdı. Özümə söz verdim ki, bu işi sonuna qədər, dürüst və peşəkar şəkildə çatdıracağam.
Sonrakı mərhələdə iş həyatı, ailə qurmağım və artan məsuliyyətlər prosesi bir qədər çətinləşdirdi. Temp zəiflədi, amma dayanmadı. Laboratoriya işlərinin tamamlanmasında mənə dəstək olan hər kəsin əməyi böyükdür.
Həyatımda yeni bir mərhələ qızımın dünyaya gəlməsi ilə başladı. Bu hadisə məndə yenidən güclü motivasiya yaratdı. Artıq qərar verməli idim: ya bu işi bitirməli, ya da başqa istiqamət seçməli idim.
Məhz bu mərhələdə yeni dəstək və inam qazandım. Elmi işimə verilən yüksək qiymət mənə sanki ikinci nəfəs verdi. Yenidən böyük həvəslə işə başladım, bütün prosedurları tamamladım və dissertasiyamı uğurla müdafiə etdim. Hətta işimiz beynəlxalq səviyyədə təqdim olunaraq Çikaqoya qədər çatdı.
Sonrakı sənədləşmə və rəsmi mərhələlər də kifayət qədər uzun və çətin oldu. Lakin bütün bunların öhdəsindən gəldik.
Yuxusuz gecələr, ailə məsuliyyəti, iki körpə uşaq, iş həyatı və bitməyən öyrənmə prosesi… Bütün bunlara baxmayaraq bu yolu başa vurmaq mümkün oldu.
Bu uğur təkcə mənim deyil. Bu, mənə inananların, yanımda olanların, ailəmin və yaxınlarımın uğurudur. Bu yol bir insanın deyil, bir ailənin yüküdür.
Mənə dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki bu yolda məni tək qoymadınız.
Bu diplom yalnız mənim deyil – hamımızındır.
Elimizə, obamıza xeyirli olsun.
Subyekt.az kollektivi olaraq, Çiçək xanım, sizi ürəkdən təbrik edirik. Uğurlarınız tükənməz olsun!






Subyekt.az