![]()
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə növbəti mina hadisəsinin baş verdiyini açıqlayıb.
ANAMA-nın yaydığı məlumata görə, hadisə 2026-cı il avqustun 3-də Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində qeydə alınıb.
Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilmiş qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Partlayış nəticəsində o, sağ ayaq nahiyəsindən xəsarət alıb.
Hadisə zamanı digər əməkdaş – 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu da yüngül bədən xəsarətləri alıb.
Xəsarət alan şəxslər dərhal rayon mərkəzi xəstəxanasına təxliyə olunublar. Həkimlərin ilkin rəyinə əsasən, onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.
ANAMA işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsinin hələ də ciddi olaraq qaldığını bir daha xatırladaraq, vətəndaşları yalnız təhlükəsizliyi təmin edilmiş marşrutlardan istifadə etməyə, naməlum əşyalara toxunmamağa və şübhəli hallarla qarşılaşdıqda aidiyyəti qurumlara məlumat verməyə çağırıb.
Subyekt.az