![]()
Sürücülər bildirir ki, gecə və əlverişsiz hava şəraitində görmə məhdudiyyəti, xəbərdarlıq nişanlarının və yol zolaqlarının olmaması qəza riskini əhəmiyyətli dərəcədə artırır, aidiyyəti qurumlardan təcili tədbirlər gözlənilir.
İşğaldan azad edilmiş ərazilərə səfər edən sürücülər Ağdərə–Kəlbəcər–İstisu avtomobil yolunda yaranmış təhlükəli vəziyyətlə bağlı narahatlıqlarını ifadə edirlər. Bununla bağlı redaksiyaya daxil olan çoxsaylı müraciətlərdə qeyd olunur ki, xüsusilə gecə saatlarında və yağışlı hava şəraitində görmə imkanlarının məhdudlaşması avtomobil idarə etməyi xeyli çətinləşdirir.
Sürücülərin sözlərinə görə, sözügedən yolda zolaq xətlərinin çəkilməməsi və xəbərdarlıq nişanlarının olmaması qəza riskini əhəmiyyətli dərəcədə artırır. Bu amillər xüsusilə dağlıq relyefə malik olan Kəlbəcər istiqamətində daha ciddi təhlükə yaradır. Çətin hava şəraiti ilə yanaşı, yol infrastrukturu ilə bağlı çatışmazlıqlar sürücülərin həyatını risk altına qoyur.
Qeyd edək ki, Ağdərə–Kəlbəcər–İstisu yolunda tikinti və yenidənqurma işləri hazırda davam etdirilir. Lakin sürücülər hesab edir ki, yolun tam istifadəyə verilməsi gözlənilmədən belə, minimum təhlükəsizlik standartlarının təmin olunması zəruridir. Xüsusilə ağ zolaq xətlərinin çəkilməsi və əsas xəbərdarlıq nişanlarının quraşdırılması təxirəsalınmaz tədbirlər sırasında göstərilir.
Müraciətdə vurğulanır ki, son dövrlərdə Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisələri ilə bağlı xəbərlər də bu narahatlıqları daha da artırır. Sürücülər bildirirlər ki, vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, bu cür qəzaların sayının artması qaçılmaz ola bilər.
Vətəndaşlar aidiyyəti qurumlara çağırış edərək bildirirlər ki, işğaldan azad edilmiş ərazilərə səfər edən insanların təhlükəsizliyi prioritet məsələ kimi qiymətləndirilməlidir. İnfrastrukturun sürətli bərpası ilə yanaşı, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində də operativ addımların atılması vacibdir.





Rövşən Hüseynli
Subyekt.az