![]()
Salam, dəyərli söz xridarları, söz sərrafları!
Bizi bu gün bura toplayan ülvi məhəbbət carçısı, sevgi aşiqi , vətən vurğunu Şahin Qədirin şeirləridir. Əslində Şahin anadan şair doğulanlardandır, həm də sevgi şairi. Onun şeirlərində sevginin dadı, şirinliyi, açılığı, həsrəti, vüsalı, əzabı və istirahəti duyulur.
Bir nəğməynən oxunan
Vurma məni oxunan
Sənin əlin toxunan
Vərəq olaydım, vərəq!
Qizların tək gözəlini yox , qarasını da tərənnüm edər , ona mənəvi dayaq olmağa çalışardı:
Qara qızların taleləri ağ olar.
Bir oğlan peyda olar.
Səni gəlib aparar,
O dediyin ağ qızlar
Sənə həsəd aparar , qara qız!…
Təbiətcə saf , halal , Laçının dağ şəlaləsi kimi axıb,durulub birdən – birə şəhər mühitinə düşən Şahinin gənclik və tələbəlik illəri gözümün qabağında keçdi. Çox həssas və kövrək idi.
Tülkü sürükləyir Aslanı tüklə.
Hara getmək olar bu ağır yüklə?!
Ata, öyrətdiyin bu düzgünlüklə,
Bu əyri dünyada necə yaşayım,!…
Vətənin başı üzərini qara bulud alan kimi onun müdafiəsinə ilk qalxanlardan biri də Şahin oldu:
Mənə qoçdan qurban dediyin kimi,
Ata , məni bu torpağa qurban de ,
– deyərək cəbhəyə yollandı. Şükr ki , sağ – salamat qayıtdı . Amma təəssüf ki, bu qeyri bərabər qüvvələrlə, havadarlarının köməyi ilə azgınlaşmış quduz dəstəsi ilə əli yalın döyüşdə çox iğidləri itirdik.. Bu ağır itkilərdən biri də tələbəliyi bizimlə eyni vaxta düşən elimizin mərd , qorxmaz oğlu və şairi Ülvi Bünyadzadənin qəhrəmancasına vəfatından sonra Şahin onun yarımçıq ömrünü sanki mənəvi davam etdirmək üçün özünə “Ülvi “ təxəllüsü götürdü.
Əslində təpədən- dırnağa sevgi şairi olan Şahin Ülvinin yaradıcılığında çox vaxt vətən həsrəti, yurd göynərtisi, el-oba adət-ənənəsi də yer alır.
Düşməni daşdan salan
Qayıtdı əsgər balan.
İllərrdir həsrət qalan
Yara bənzəyir Şuşa !
Əsl haqqdan gələn şair olub , elin dərdini çəkmək çox çətindi. Ona görə də şair nahaqdan demir ki,
Taleyimdən heç də razı deyiləm
Şairliyə sürgün edib Allahım…
Ağır yüklərə , əzablara gənclikdən alışan Şahin Ülvi A. S Puşkin kimi dahi şairin şeirlərini tərcümə etmək kimi məsuliyyətə də çiyin vermiş və bu yükün altından da uğurla çıxmışdı. Onun A. S Puşkinin “ Цветок ,, (“Çiçək”) şeiri çox gözəl alınıb.
Şahin Ülvinin təmsilləri də duzlu- məzəli və həyat həqiqətlərini əks etdirən nümunələrdəndir. Rayona diş həkimi təyin edilən həkim ahıl bir ər-arvadın qarşısını kəsib arvadın dişlərini saldırmaq təklifi verərək onları öz müştərisi etmək istəyəndə ağsaqqal deyir:
Nə deyirsən, ay oğul,
Adam bilmir nə desin .
Kimə verirsən ağıl,
Saldırım bəs nə yesin,!
Bir ibrətamiz təmsili də “ Banlayan toyuq” du;
Bir gün Günün dalınca
Qara toyuq banladı
Babam tutub toyuğun
Boğazını qanladı.
Toyuqda cürətə bax
Öz yerini anlamır.
Xoruz xoruzluğuynan
Gün batanda banlamır.
Heç bir mövzuya biganə qalmayan şair, məlum təyyarə qəzasında son ana qədər öz işini şərəflə yerinə yetirən və qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə xanıma öz ehtiramını belə bildirmişdi;
Cəsarətsən , ürəksən.
Könüllərdə çələngsən
Allah gördü mələksən,
Səni göydə saxladı
Hökumə!
Və sonda şairin kiril əlifbası ilə yazdığı öz əlyazmasını tələbəlik illərində mənə verdiyi şeiri 30 il saxlayıb özünə qaytarmaq istəyirəm. Qoy nastalji hisslər yaşasın…


Adil Həmid
Şair-publisist. AJB-in üzvü. ,,Qızıl qələm mükafatı,, laureatı.
Subyekt.az