![]()
Son günlər bəzi şəxslər və qurumların nümayəndələri tərəfindən saytımızda dərc olunan materiallarla bağlı narahatlıqların ifadə edildiyini müşahidə edirik. Onlar hesab edirlər ki, yayımlanan yazılar qərəzli və ya sifarişli ola bilər. Bu kimi iddialara tam aydınlıq gətirmək məqsədilə bildiririk ki, Subyekt.az informasiya portalı heç bir şəxsin və ya qurumun təsiri, himayəsi və ya “çətiri” altında fəaliyyət göstərmir.
Saytın təsisçisi olaraq mən, Rövşən Hüseynov, əminliklə bildirirəm ki, fəaliyyətə başladığımız gündən etibarən portaldakı heç bir material sifariş əsasında hazırlanmayıb və heç bir tərəfdən “sifarişli məlumat” qəbul edilməyib. Fəaliyyətimiz şəffaflıq və peşəkar jurnalistikanın prinsipləri üzərində qurulub.
Subyekt.az-ın redaksiya siyasəti aydın və dəyişməzdir:
– Dərc edilən yazılara görə müəlliflərdən və digər şəxslərdən qonorar qəbul edilmir;
– Maddi qarşılıq əsasında məqalələrin yerləşdirilməsi praktikasına yol verilmir;
– Bütün fəaliyyət tam təmənnasız və peşə prinsipləri əsasında həyata keçirilir.
Məqsədimiz ölkəmizdə peşəkar media mühitinin formalaşmasına töhfə vermək, cəmiyyətə obyektiv, dürüst və etibarlı informasiya təqdim etməkdir. Subyekt.az və onun əməkdaşlarının adı heç vaxt və heç bir halda çirkli işlərdə hallana bilməz və biz buna qəti şəkildə yol vermərik. Portalımız öz müstəqil fəaliyyətini qürurla və məsuliyyətlə davam etdirir.
Qeyd edirik ki, işıqlandırdığımız mövzular heç bir halda qərəz və ya şantaj məqsədi daşımır. Cəmiyyət üçün vacib olan neqativ halları gündəmə gətirmək bizim həm insani, həm də peşə borcumuzdur. Heç bir şəxsin və ya qurumun qarşısında “gözükölgəli” fəaliyyətimiz yoxdur.
Hörmətlə,
Rövşən Hüseynov
Subyekt.az xəbər portalının təsisçisi və baş redaktoru
Subyekt.az