![]()
Abşeron rayonunun Masazır qəsəbəsində, Asif Həsənov küçəsində yaşayan bir qrup sakin yaranmış ağır vəziyyətlə bağlı Subyekt.az xəbər-informasiya saytına müraciət edərək ciddi problem qaldırıblar. Sakinlərin sözlərinə görə, ərazidə yerləşən gölün daşması nəticəsində yaşayış evləri su altında qalıb və vəziyyət getdikcə daha da ağırlaşır.
Onlar bildirirlər ki, son günlər yağan intensiv yağışlar problemi daha da dərinləşdirib. Suyun səviyyəsi artaraq evlərə dolub, həyətlər yararsız hala düşüb. Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu günə qədər heç bir operativ tədbir görülməyib. Onların iddiasına görə, əraziyə nə baxış keçirilib, nə də vəziyyətin aradan qaldırılması istiqamətində konkret addım atılıb.
Problemin miqyası təkcə yaşayış evləri ilə məhdudlaşmır. Sakinlər qeyd edirlər ki, ərazidə yerləşən məzarlıq da su altında qalıb, qəbir yerləri belə suyun içindədir. Bu isə həm sosial, həm də mənəvi baxımdan ciddi narazılıq doğurur.
Sakinlər xüsusilə Fövqəladə Hallar Nazirliyi, yerli İcra Hakimiyyəti və bələdiyyə qurumlarının laqeyd münasibətindən narazıdırlar. Onların sözlərinə görə, adi hallarda kiçik tikinti işlərinə belə dərhal reaksiya verən qurumlar, indi insanların həyatına birbaşa təhlükə yaradan bu vəziyyətə biganə yanaşır:
“Necə olur ki, kimsə həyətində kiçik bir dəyişiklik edəndə bütün qurumlar dərhal müdaxilə edir, amma indi evlərimiz suyun içində qalıb, heç kim maraqlanmır?”
Çıxılmaz vəziyyətdə qaldıqlarını bildirən sakinlər ölkə rəhbərliyinə müraciət edərək təcili yardım göstərilməsini xahiş edirlər. Onlar problemin qısa zamanda həll olunmasını və aidiyyəti qurumların məsuliyyət daşımasını tələb edirlər.




Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Subyekt.az