Leyla Əliyeva Türk dünyasında qadın liderlərinin tədbirində iştirak edib
15 Noyabr 2026
Leyla Əliyeva “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda tədbirdə iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Türkiyənin #Antalya şəhərində davam edən #COP31 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Qadınlar və iqlim investisiyaları: Türk dünyasında qadın liderlərin iqlim fəaliyyətinə töhfə vermək imkanlarının genişləndirilməsi” mövzusunda panel iclasda iştirak edib.
İclasın açılışında çıxış edən Leyla Əliyeva qadınların cəmiyyətin həyatında oynadıqları rolun və onların potensialının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. O, türk dövlətləri arasında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Leyla Əliyeva IDEA İctimai Birliyinin layihələrində qadınların fəal iştirakını qeyd edərək, xüsusilə bölgələrdə reallaşdırılan təşəbbüslərin qadınlar üçün yeni imkanlar yaratdığını bildirib.
Paneldə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, qadınların iqtisadi imkanlarının genişləndirilməsi və qərarların qəbulunda iştirakının Azərbaycanın mühüm prioritetlərindən biri olduğunu bildirib.
O, qadınların rəhbərlik etdiyi yaşıl bizneslərin inkişafının yalnız maliyyə resurslarına çıxışla məhdudlaşmadığını, bunun bilik və bacarıqlarla da dəstəklənməli olduğunu diqqətə çatdırıb.
Tədbirdə təklif edilən “Qadınlar və İqlim İnvestisiyaları üzrə Əməkdaşlıq Təşəbbüsü”nə toxunan Bahar Muradova təşəbbüsün qadın sahibkarların yaşıl iqtisadiyyat və iqlim investisiyaları sahəsində əməkdaşlığını gücləndirmək üçün faydalı platforma ola biləcəyini deyib. O, təşəbbüsün tərəfdaşlarla müzakirə olunaraq aydın məqsədlər və praktiki fəaliyyətlər əsasında hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Panel iclasda Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva da çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliyi ilə mübarizədə qadınların iqtisadi fəallığının artırılması, iqlim investisiyalarına çıxış imkanlarının genişləndirilməsi və qərar qəbuletmə prosesində iştirakının təmin edilməsi əsas məsələlər kimi dəyərləndirilib. Həmçinin Türk dünyasında qadın sahibkarlar arasında əməkdaşlığın, təcrübə mübadiləsinin və birgə innovativ təşəbbüslərin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.