![]()
Adil Həmid Naftalanda “Karvan” Sağlamlıq Mərkəzindəki təəssüratlarını bölüşür, mərkəzin həkim və tibb heyətinin peşəkarlığından, qayğıkeş münasibətindən və Naftalanın müasir sağlamlıq imkanlarından yazır.
Taleyin acı hökmündən…
Naftalanla ilk tanışlığımız 33 il bundan qabaq acınacaqlı, barıt qoxulu, hakimiyyət savaşının fonunda keçən ağır köçkünlük illərində başlamışdı. Elə o təəssüratdan idi ki, səhhətimizlə əlaqədar problemlərimiz olsa da, bura gəlməyi illərdir qərarlaşdıra bilmirdim.
Amma artıq 44 günün zəfər sədalı “çəngi” səslərinin, nəinki Azərbaycanda, vətənimin sərhədlərindən kənarda da səslənməsi, ölkədə gedən abadlıq-quruculuq işləri, yeni infrastrukturların yaranması, müasir standartlara cavab verən hotellərin, ən son avadanlıqlarla təchiz olunmuş müalicə mərkəzlərinin yaradılmasının şahidi və iştirakçısı olmağım çətin və şərəfli iş ilinin sonunda sağlığımın qayğısına qalmaq üçün güzarımı yenidən bura saldı.
Dağların qoynunda özünə məskən seçən Naftalan bizi xoş təəssüratla qarşıladı.
Azərbaycanın qərb hissəsində, Kiçik Qafqazın ətəklərində yerləşən məşhur kurort şəhəridir Naftalan. Bakıdan təxminən 330 km qərbdə, Gəncədən 50 km, Goran dəmir yolu stansiyasından isə 18 km məsafədədir. Şəhər dəniz səviyyəsindən təxminən 225 metr yüksəklikdə yerləşir.
Naftalanın əsas xüsusiyyəti burada yerləşən Naftalan nefti və onun əsasında formalaşmış sanatoriya-kurort sistemidir. Kurort fəaliyyəti 1933-cü ildən inkişaf etməyə başlayıb və bu gün şəhərdə müxtəlif müalicə və sağlamlıq mərkəzləri fəaliyyət göstərir.
Onlardan biri də “Karvan” Sağlamlıq Mərkəzidir.
Burada eşitdiyim xoş təəssüratlardan məlum olur ki, “Karvan”a ağıllı, təcrübəli Samirə xanım rəhbərlik edir. Qonaqların sağlamlığının keşiyində duran, ilk addımdan gülərüzlə, qayğıkeşliklə qarşılayıb müayinə və müalicə edən həkimlərə rəhbərlik yüksək insanlıq nümunəsi göstərən Elmar İsayevə etibar edilib.
Təmkinli, savadlı uroloq Xəqani Yusubovun fəaliyyəti danılmazdır. Mərkəzin meneceri, nəvazişli və təcrübəli Solmaz xanımın hər iki tərəfini qonaqlara son dərəcə qayğı ilə yanaşan Azər bəy və Səbinə xanım etibarlı və inamlı edir.
Sanki neçə vaxtdan yolumuzu gözləyirmiş kimi görünən və sevinclə qarşılayan, bütün günü dayanmadan işləmələrinə baxmayaraq çöhrələrindən narahatlıq və narazılıq sezilməyən tibb bacılarının işlərindən gül ətri gəlir.
Bu şərəfli adların sırasında Vüsal bəyin, Malik bəyin, Nərminə, Sona, Aynurə, Nuray, Şahnaz, Rəmziyyə və Azadə xanımların adlarını böyük məmnuniyyətlə çəkmək yerinə düşər.
Dünyanın hər yerindən bura təşrif buyuran qonaqların mərkəzin yeməkxanasında çeşidli yerli və Avropa mətbəxlərindən dadlı nümunələr, təzə salatlar, müxtəlif şirələr, rəngarəng şirniyyatlar açıq bufet sistemi ilə zövqünü oxşayır.
Payız burada daha gözəl görünür. Çünki burada həm dincəlirsən, həm sağlam qidalanırsan, həm də sağlamlığına qovuşub daha səmərəli işləmək üçün doğma kollektivə qayıdırsan.
Bura təkrar-təkrar dönmək ümidi və mənə əziz olan insanları da burada görmək arzusu ilə xoş təəssüratlarla…

Adil Həmid,
Şair-publisist, “Qızıl Qələm” Media mükafatçısı, AJB-nin üzvü
Subyekt.az