![]()
Subyekt.az xəbər verir ki, Sentyabrın 20-də İrəvan Dövlət Azərbaycan Dram Teatrında Mirzə Fətəli Axundzadənin Azərbaycan dramaturgiyasının klassik nümunələrindən biri olan “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış tamaşanın premyerası keçirilib.
Dövlət sifarişi ilə hazırlanan səhnə əsərinə teatrın yaradıcılıq şöbəsinin müdiri, quruluşçu rejissor Gümrah Ömər quruluş verib.
Tamaşada klassik əsər müasir baxış prizmasından təqdim olunur. Quruluşçu rejissorun yozumunda hadisələrin mərkəzində dayanan Vəzir obrazı ənənəvi təsəvvürlərdən fərqli şəkildə şərh edilir.
Əsərin bədii-ideya məzmununda cəmiyyət və ailə münasibətləri, mənəvi dəyərlər, məsuliyyətsizlik, fırıldaqçılıq və riyakarlıq kimi mənfi davranışlar ön plana çəkilir. Hadisələrin dinamik inkişafı, gözlənilməz situasiyalar və obrazlar arasındakı münasibətlər tamaşa boyu gərginliyi qoruyur.
Quruluşda Vəzir obrazı yalnız hadisələrin iştirakçısı kimi deyil, hadisələrin gedişinə təsir edən, uzaqgörən və məqsədli dövlət xadimi kimi təqdim edilir. Üzdə özünü aciz və çarəsiz göstərən Mirzə Həbibin əslində hadisələrin arxasında dayanan əsas fiqurlardan biri olduğu tamaşanın gedişində üzə çıxır.
Tamaşanın daxili işarələr sistemində Vəzirin atdığı addımların təsadüfi deyil, müəyyən planın tərkib hissəsi olduğu diqqətə çatdırılır. Hakimiyyətə iddialı olan Teymur ağanın hüquqlarının bərpa olunması da Vəzirin əsas məqsədlərindən biri kimi təqdim edilir.
Hadisələrin gedişində Vəzir Teymur ağanın təhlükəsizliyini təmin edir, onu öz evində qoruyur və müxtəlif vəziyyətlərdən istifadə etməklə planını həyata keçirir. Xan tufan zamanı dənizdə həlak olduqdan sonra Teymur ağa hakimiyyətə gəlir. Onun Nisə xanımla evlənmək qərarı isə Vəzirin vəzifəsində qalmasına şərait yaradır.
Beləliklə, tamaşada Vəzirin hadisələrin əvvəlindən etibarən apardığı gizli oyunun nəticəsi finalda özünü göstərir.
Quruluşun əsas xüsusiyyətlərindən biri də klassik mətnin müasir teatr dili ilə təqdim olunmasıdır. Tamaşada namus, əxlaq, hakimiyyət, məsuliyyət və mənəvi seçim kimi mövzular hadisələrin dramatik gərginliyini artıran əsas ifadə vasitələrindən biri kimi çıxış edir.
Tamaşanın bəstəkarı Azər Hacıəsgərli, quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti Ülvi Məmmədli, plastik həll üzrə isə Anar Mikayılovdur.
Səhnə əsərində Vəzir obrazını Natiq Həziyev, Xan obrazını Niyaməddin Səfərəliyev, Teymur ağanı Samir Əliyev, Hacı Salahı Bəhruz Hikmətli, Naziri Ramil Məmmədov, Ziba xanımı Elnarə Heydərova, Şölə xanımı Güney Əliyeva, Nisə xanımı Pərvin Dadaşova, Xacəni Sevinc Bəxtiyar, Mehtəri Zəki Fətəliyev, Rizanı isə Anar Həşimov canlandırır.
Yeni səhnə işi İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialının təqdimatı ilə yanaşı, klassik Azərbaycan dramaturgiyasının müasir teatr dili ilə tamaşaçıya çatdırılması baxımından da diqqət çəkir.

Şəlalə Camal
Subyekt.az