![]()
Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam sentyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı dövlətimizin başçısına “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə sertifikatını təqdim edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasına, regionda davamlı və dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş səylərinə görə 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.
Mükafatın əsas prinsiplərinə uyğun olaraq, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində pul mükafatı təqdim olunur.
Prezident İlham Əliyev mükafat çərçivəsində nəzərdə tutulan maliyyə vəsaitinin şəxsi məqsədlər üçün deyil, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirən Qarabağ Dirçəliş Fonduna tam həcmdə köçürülməsi barədə qərar qəbul edib.
Bu qərar dövlət başçısının beynəlxalq səviyyədə əldə etdiyi mükafatı Azərbaycanın milli inkişaf və Qarabağın dirçəldilməsi məqsədlərinə yönəltməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Zayed İnsan Qardaşlığı Mükafatı” müxtəlif dinlər, mədəniyyətlər və xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik, sülh və insan qardaşlığının təşviqinə mühüm töhfələr verən şəxslərə və qurumlara təqdim olunur.
Prezident İlham Əliyevin 2026-cı il üzrə bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycan-Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan diplomatik səylərin və regional sülh gündəliyinin beynəlxalq miqyasda qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilir.
Subyekt.az